"Körpü bank" nədir və niyə yaradılır?

  29 Mart 2017    Oxunub : 3971
"Körpü bank" nədir və niyə yaradılır?
Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) "körpü banklar" yaratmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur. MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, maliyyə bazarlarına nəzarət orqanı problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların problemlərini icbari qaydada həll etməlidir:

"Bunun biri neçə yolu var. Banka aidiyyəti olan şəxsləri, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərini icbari qaydada onun səhmlərinə keçirmək, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlər cəlb etmək, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həll edilməsi bura daxildir. Yaxud bankın müəyyən kapital kəsri var, bunu müəyyən sağlam bir banka satmaqla artıq yeni sağlam bir maliyyə təchizatı formalaşdırmaq olar. Yəqin ki, gələcəkdə dünyada maliyyəçilər başqa yollar da tapa biləcəklər. Bizim təklif etdiyimiz qətnamə "körpü bank"ın yaradılmasıdır”.

"Körpü bank" nədir, hansı məqsədlə yaradılır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili AzVision.az-a bildirib ki, "Körpü banklar" tənzimləyici orqan tərəfindən problemli bankın depozitlərini və öhdəliklərini idarə etmək üçün yaradılan müvəqqəti bankdır. Deputatın sözlərinə görə, “Körpü banklar” müəyyən bir dövr üçün fəaliyyət göstərir və bu əməliyyatların aparılma hüququnu alıcıya satandan sonra öz mövcudluğunu dayandırır: ““Körpü bankların” yaradılmasında əsas məqsədlərdən biri problemli bankın müştərilərinin mənafelərinin qorunması və onların çətinliklərlə üzləşməsinin qarşısını almaqdır. Digər mühüm funksiyası isə mövcud aktivlərin zərər çəkməsini əngəlləməklə potensial alıcıya qədər sağlam keçid dövrünün təmin olunmasıdır. Bu praktika ABŞAvropa ölkələrində uğurla tətbiq olunur. Hesab edirəm ki, “Körpü banklar” Azərbaycanda da bank sektorunun sağlamlaşdırılmasında effektli şəkildə tətbiq oluna bilər”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: KörpüBank   Deputat