Kredit büroları gələn ildən fəaliyyətə başlayacaq

Kredit büroları gələn ildən fəaliyyətə başlayacaq
  30 Sentyabr 2016    Oxunub:1448
Azərbaycanda kredit büroları yaradılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Kredit büroları haqqında” qanun layihəsində nəzərdə tutulub. Milli Məclisin bu gün keçirilən iclasında layihə müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var.

Komitə sdəri qeyd edib ki, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir:

“Qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir. Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Kredit bürolarını Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq.

Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq”.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, kredit bürolarının yaradılmasına ehtiyac var. Spiker qanun layihəsinin qəbul edilməsinin vacib olduğunu vurğulayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı çıxışı zamanı bildirib ki, qanunun təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Şura sədri qeyd edib ki, kredit bürolarının yaradılması bankların risklərini azaldacaq:

“Hər bir bank borcgötürənin vəziyyətini qiymətləndirir. Hər bir bank bunu ayrı-ayrılıqda etdikdə banklar bunun üçün xeyli əməkdaş saxlayır və vəsait xərcləyir. Kredit bürolarının yaradılması bankların vəsaitlərinin xərclərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni, əgər bank əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Yəni, kredit bürolarının fəaliyyəti həm banklar, həm də vətəndaşların xeyrinədir".

Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti