İrəvanda etirazlar başladı - Serji Yanukoviçin aqibəti gözləyir
“Yeni Ermənistan” hərəkatının təşkil etdiyi aksiya Azadlıq meydanında keçirilir. Etirazçılar prezident Serj Sarkisyanın istefasını tələb edərək şüarlar səsləndirirlər.
Bundan əlavə aksiyaçılar yeni prezident və parlament seçkilərinin keçirilməsini tələb ediblər.
Təşkilatçılar tələbləri yerinə yetirilməyincə aksiyanın davam etdiriləcəyini deyirlər.
`Sarkisyan vəziyyətin ciddiliyini anlayıb növbəti dəfə erməni xalqına saymazyana yanaşmağa cəhd etməzsə, ona yəqin ki, Yanukoviç aqibəti nəsib olar. Müqavimət göstərməyə cəhd edərsə, daha pis – Çauşesku variantı. Seçim onundur”, - deyə “Yeni Ermənistan” hərəkatının lideri Zhirayr Sefilyan deyib.
Qeyd edək ki, dekabrın 6-da Ermənistanda konstitusiya düzəlişləri ilə bağlı referendum keçiriləcək. Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.
Müxalifət hakim partiyanı hakimiyyəti zəbt etməkdə və ömrünü uzatmaqda ittiham edir.