Aktauda təyyarə qəzasının TƏFƏRRÜATLARI

  Aktauda təyyarə qəzasının  TƏFƏRRÜATLARI
  25 Dekabr 2024    Oxunub:647
Bu gün səhər saatlarında AZAL şirkətinin sərnişin təyyarəsinin Qazaxıstanın paytaxtı Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölənlər və xəsarət alanlar var.
Əksər KİV-lərin yaydığı məlumatlara istinad edən AzVision.az xəbər verir ki, AZAL-ın sərnişin təyyarəsi Rusiyanın Çeçenistan respublikasının paytaxtı Qroznı şəhərinə uçuş həyata keçirirmiş. Qroznı hava limanından duman barədə verilən məlumatdan sonra aviareys Mahaçqala aeroportuna yönəldilib.

Lakin yaranmış fövqəladə vəziyyət səbəbindən heyətin komandiri “Embraer 190” təyyarəsinin enməsi üçün ehtiyat məkan kimi Qazaxıstanın Aktau şəhərindəki aeroportu seçib.

Qəzadan sonra yaradılan operativ qərargahın və Qazaxıstanın Fövqəladə Hallar nazirliyinin rəsmi açıqlamasına görə, 5 ekipaj üzvü də da daxil olmaqla təyyarənin göyərtəsindəki 67 nəfərdən 32 nəfər sağ qalıb. Onlardan 26-sının xəstəxanalara çatdırıldığı bildirilir. Sağ qalanların arasında 14 nəfər Azərbaycan, 10 nəfər Rusiya, 2 nəfər isə Qırğızıstan vətəndaşı var.

İlkin məlumatlara görə sərnişinlərdən 37 nəfər Azərbaycan , 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.

Faicəvi qəza ilə bağlı “nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması” maddəsi üzrə cinayət işi başlanıb. Manqistau vilayətinin səhiyyə departamenti təyyarədə ballon partlaması nəticəsində 2 uşaq da daxil olmaqla 14 adama xətər yetirildiyini bildirib.

Qəza enişindən əvvəl ekipaj təyyarənin korpusuna bərk zərbə dəydiyi barədə məlumat ötürüb və dispetçerlər təyyarəyə çırpılanın quş dəstəsi olduğunu düşünüblər. Lakin təyyarə yerə düşdükdən sonra Qazaxıstanın operativ xidmətləri göyərtədə oksigen çəninin partladığını bildirib.

Təyyarənin qabaq hissəsində yerləşən oksigen çəni, təyyarə korpusunun dağılması nəticəsində dehermetizasiya olub. Aviasiya mütəxəssislərinin fikrincə, onun partlaması ehtimalı azdır. “Embraer 190” təyyarəsinin göyərtəsində baş verənlər daha çox korpusun dağılması və onun parça-parça olması ilə çənin qəfil dehermetizasiyasına bənzəyir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qəzanı araşdırmaq üçün komissiyanın yaradılmasına göstəriş verib .

Azərbaycan Prezidenti İlham Əliyev hadisə barədə məlumat aldıqdan dərhal sonra MDB liderlərinin qeyri-rəsmi sammitində iştirakını dayandıraraq Bakıya dönüb müşavirə keçirib.

Rusiya prezidenti Vladimir Putin Aktauda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə telefonla başsağlığı verib. Gürcüstan Xarici İşlər nazirliyi, Belarus parlamentinin Nümayəndələr Palatası, Qırğızıstan prezidenti Sadır Japarov və Serbiya lideri Aleksandr Vuçiç, habelə Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycan liderinə başsağlığı veriblər.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi qəza yerinə 150 canlı qüvvə və 45 texnika cəlb edildiyini və yanğının söndürüldüyünü açıqlayıb. Aktivlik nəticəsində yalnız bir reysin gecikdiyi bildirilib. Aktau hava limanı normal rejimdə fəaliyyətini davam etdirir.

Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizin dövlət rəsmiləri Aktau şəhərinə yola düşüblər. Eyni zamanda, Bakıdan Aktauya həkim heyəti və tibbi avadanlıqlar göndərilib və təyyarə qəzasının qurbanlarının yaxınları üçün Azərbaycanda qaynar xətt açılıb.

Dağıstan da, öz növbəsində, Aktauda baş verən təyyarə qəzasında zərərçəkənlərə yardım göstərməyə hazır olduğunu bildirib.

Sahil İsgəndərov
Aygün Xankişiyeva



Teqlər: AZAL   Aktau   qəza  





Xəbər lenti