Turizm potensialımız Mərkəzi Asiyanın aparıcı turizm tədbirində təbliğ olunur

Turizm potensialımız Mərkəzi Asiyanın aparıcı turizm tədbirində təbliğ olunur
  24 Aprel 2025    Oxunub:249
Azərbaycanın turizm imkanları 23-25 aprel tarixlərində Almatı şəhərində Mərkəzi Asiya üzrə mühüm turizm tədbirlərindən olan Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (KITF-2025) nümayiş etdirilir.
AzVision.az xəbər verir ki, tədbirdə ölkəni Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə 11 yerli sənaye tərəfdaşı, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) QSC və "Şahdağ" Turizm Mərkəzi təmsil edir.

Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm məhsulları və xidmətləri təqdim olunur, Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları tanıdılır, həmçinin "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Sərgi zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə ilə Qazaxıstan Respublikasının Mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlər və mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin milli stendi Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ziyarət edib.

Qeyd edək ki, 2025-ci ilin ilk rübündə Qazaxıstandan Azərbaycana səfər edən ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım müşahidə edilib.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti