Fiona Hill: “Tramp Putini təqlid edir”

Xanım Hill bildirib ki, Tramp, nəzarət və tarazlığın zəiflədiyi ölkədə hiper-fərdiləşdirilmiş idarəetmə tərzinə can atan ilk ABŞ prezidentidir.
“O, hər şeyin yuxarıdan aşağı idarə olunduğu bir sistem yaratmaq istərdi. Bu, Amerikanın hakimiyyətə ənənəvi yanaşmasından əsaslı şəkildə fərqlidir”, - ABŞ prezidentinin keçmiş müşaviri vurğulayıb.
Fiona Hillin fikrincə, Tramp həmişə Rusiya ilə münasibətləri “yenidən yükləməyə” çalışıb. Siyasətçi bildirir ki, Tramp lap əvvəldən Putinlə dialoq qurmaq, nüvə məsələlərini, iqtisadiyyatı və ətrafını maraqlandıran biznes sövdələşmələrini müzakirə etmək istəyirdi. Halbuki, ABŞ-nin heç bir əvvəlki prezidenti bu cür hərəkət etməyib.
Hill həmçinin iddia edir ki, Tramp Putinlə mövcud şəxsi təmaslarından kənara çıxmağa və daha da yaxın əlaqələr qurmağa çalışır. Bundan əlavə, Amerika mlideri Ukraynaya dəstəyi kəskin şəkildə azaltmaq və Vaşinqtonun Avropa təhlükəsizliyində əvvəlki rolundan faktiki olaraq imtina etmək niyyətindədir.
- Tramp istəyir ki, avropalılar öz strategiyalarını müəyyənləşdirsinlər, bunu özləri ödəsinlər və Amerikanın iştirakına bel bağlamasınlar. Bu, Ukraynaya da aiddir - o, gələcəkdə Amerika tərəfdən geniş miqyaslı dəstəyin olmayacağını açıq şəkildə ifadə edib”, - sabiq amerikalı məmur vurğulayıb.
Xatırladaq ki, Fiona Hill Donald Trampın ilk prezidentliyi dövründə 2017-2019-cu illərdə Milli Təhlükəsizlik Şurasında prezidentin köməkçisinin müavini, habelə Avropa və Rusiya məsələləri üzrə baş direktor vəzifələrində çalışıb. 2024-cü il seçkilərindən sonra o, Böyük Britaniya hökumətində müdafiə məsələləri üzrə müşavir təyin olunub.
Sahil İsgəndərov
AzVision.az