Çoxmilyardlı ABŞ-Səudiyyə sazişi

   Çoxmilyardlı ABŞ-Səudiyyə sazişi
  25 Aprel 2025    Oxunub:472
Vaşinqton Ər-Riyada dəyəri 100 milyard dollardan çox olan silah paketi təklif etməyə hazırdır.
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı məlumatlı altı mənbənin “Reuters” agentliyinə bildirdiyinə görə, bu təklif ABŞ prezidenti Donald Trampın may ayında Səudiyyə Ərəbistanı krallığına səfəri zamanı açıqlanacaq.

Bu paket ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının Səudiyyə Ərəbistanının İsraillə əlaqələrinin normallaşdırılmasını əhatə edən daha geniş sazişin bir hissəsi kimi Ər-Riyadla müdafiə paktı bağlamağa uğursuz cəhddən sonra təklif olunub.

ABŞ prezidenti Donald Tramp mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.Yaxın Şərqə səfər Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri ilk xarici səfəri olacaq.

“Səfər Fars körfəzi ölkələri ilə əlaqələri gücləndirmək və Yaxın Şərqdəki münaqişələrin həllini müzakirə etmək üçün təşkil olunub”, - mənbələrdən biri Amerikanın “Axios” portalına deyib.

Xatırladaq ki, hələ Donald Trampın ilk prezidentliyi dövründə onun 2017-ci ilin mayında Ər-Riyada rəsmi səfəri çərçivəsində ABŞ ilə Səudiyyə Ərəbistamnı arasında silah alıq-satqısı üzrə 109,7 milyard dollarlıq saziş imzalanmışdı. O vaxt bu, ABŞ tarixində silah satışı sahəsində ən böyük müqavilə idi.

Həmin sazişə əsasən, Səudiyyə Ərəbistanı ümumilikdə 6 milyard dollara 150 “Black Hawk” helikopteri almalı idi. Bundan başqa, ABŞ Ər-Riyada həmçinin tanklar, artilleriya qurğuları, zirehli texnikalar, sahil müdafiə gəmiləri, “Patriot” və “THAAD” raket əleyhinə sistemlər satmağı nəzərdə tuturdu.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Səudiyyə   saziş  





Xəbər lenti