Almaniyada kütləvi həbslər həyata keçirilib

Almaniyada kütləvi həbslər həyata keçirilib
  06 Noyabr 2024    Oxunub:785
Almaniya polisi nasist şüarları altında hakimiyyəti ələ keçirməyi düşündüyü iddia olunan ifrat sağçı qrupun 8 üzvünü həbs edib. Onlardan 7-si Almaniyada, hakimiyyətin qruplaşmanın lideri hesab etdiyi Yorq S. isə Polşada həbs olunub.
AzVision.az Almaniya mediasına istinadən xəbər verir ki, prokurorlar “Sakson Separatçıları (Saechsische Separatisten)” adlanan qrupun Almaniya dövləti və cəmiyyətinin süqutundan sonra hakimiyyəti ələ keçirmək üçün hərbi hazırlıq gördüyünü və qrupun “X Günü”nün gələcəyinə inandığını bildiriblər.

Müstəntiqlərin fikrincə, bu hadisədən sonra radikallar Almaniyanın şərqindəki ərazilərdə nəzarəti bərqərar etməyi və orada sağçı radikal rejim qurmağı planlaşdırıblar.
Alman prokurorları bildirirlər ki, qrup Adolf Hitlerin Nasist Partiyasının Milli Sosializm ideologiyasını təbliğ edir. Orada irqçilik və antisemitizm ideyaları çiçəklənir. Açıqlanan məlumata görə, “Sakson Separatçıları” 2020-ci ildə qrup yaradıb və onların 15-20 üzvü var. Qrupun hələ də həbs olunmayan üzvləri indi Avstriyada axtarılır.

Bütün Almaniyada, eləcə də Avstriya və Polşada axtarışlar və həbslər aparmaq üçün əməliyyata 450-dən çox polis əməkdaşı cəlb olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   radikallar   həbslər  





Xəbər lenti