Milli Parkda bayram münasibətilə veloyürüş keçirilib
Federasiyadan AzVision.az-a verilən məlumata görə, Əl Oyunları İdman Sarayından start götürən yürüşdə müxtəlif yaş qrupuna aid olan velosiped həvəskarları iştirak edib.
Veloyürüşün əsl bayram ab-havasında keçməsi və iştirakçıların rahatlığı üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən lazım olan bütün şərait yaradılıb - velosipedi olmayanlar federasiya tərəfindən velosipedlə təmin edilib, kiçik yaşlı uşaqlar üçün əyləncəli proqram təşkil olunub, onlara Yeni il hədiyyələri verilib. Xüsusən, Şaxta baba və Qar qızın tədbir iştirakçılarını təbrik etmək üçün şən musiqi sədaları altında ikinəfərlik tandem velosipedlə finiş xəttinə gəlmələri hamı tərəfindən maraqla qarşılanıb.
Veloyürüşdə köynəklərinin üzərində 2015-ci il ilk Avropa Oyunları - "Bakı 2015"-in loqoları əks olunan Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project" komandasının üzvləri də iştirak edib.
"Synergy Baku"nun üzvü Aqşin İsmayılov mətbuata verdiyi müsahibəsində qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ənənəvi hal almış bu cür tədbirlər Azərbaycanda velosiped idmanına olan marağı artırmaqla yanaşı, sağlam həyat tərzini də təbliğ edir. O, velosiped həvəskarlarını bu idman növü ilə daha fəal şəkildə məşğul olmağa çağırıb.
Tədbiri böyük maraqla izləyən paytaxt sakinləri onun təşkilatçılarına təşəkkürlərini bildiriblər.
AzVision.az