Qurban Qurbanov: "Arsenal"la oyuna ciddi hazırlaşmışıq

Qurban Qurbanov: "Arsenal"la oyuna ciddi hazırlaşmışıq
  03 Oktyabr 2018    Oxunub:4584
"Dünyanın ən güclü çempionatında çıxış edən komandaya qarşı oynayacağıq. Əlavə sözə ehtiyac yoxdur. Oyuna çox ciddi hazırlaşırıq. İnanıram ki, sabah hər birimizi yaxşı oyun gözləyir".
AzVision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Arsenal"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Baş məşqçi bildirib ki, komandası sona qədər yaxşı mübarizə aparacaq və ən azından yaxşı oyun göstərəcək.

"Tək Gerrye yox, bir neçə futbolçumuz oynamır. Təxmini heyəti bilirəm. Amma hələ vaxtımız var. Sabah oyunda qəti qərar veriləcək. Dəfələrlə demişəm ki, bu cür klubların Azərbaycana gəlməsi ölkə futbolu və bizim üçün böyük təcrübədir. Futbolun sevilməsi üçün şansdır. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra iki min, üç min azarkeşimiz çoxalsa, yaxşıdır. Belə böyük klublara qarşı oynamışıq və uğurlu oyunlarımız da olub. Çalışacayıq ki, azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq. Düşünürəm ki, qalan işlər pis alınmaz. Hər şey normaldır, qaydasındadır".

Q.Qurbanov qeyd edib ki, futbolçularının böyük təcrübəsi var: "Məncə, psixoloji tərəfdən problem olmayacaq. Futbolçularım sabah rahat, həzz almaq üçün özlərini yaxşı tərəfdən göstərəcəklər. O qədər azarkeş tanıyıram, stadiona gəlmirlər, amma ən sadiq azarkeşlərimizdən biridir. Azarkeş nə qədər çox olsa, mən və futbolçular daha məsuliyyətli oluruq".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

AzVision.az


Teqlər: Qarabağ   Qurban-Qurbanov  





Xəbər lenti