Keçmiş nazirin 61 milyon dollarına həbs qoyuldu

Keçmiş nazirin 61 milyon dollarına həbs qoyuldu
  30 Oktyabr 2015    Oxunub:5614
İsveçrədə hakim dairələrin Rusiyanın keçmiş kənd təsərrüfatı naziri Yelena Skrinnikin nəzarət etdiyi yerli hesabları dondurduğu bildirilir. Bu addımın çirkli pulların yuyulması barədə iddialara əsasən aparılan təhqiqatın bir hissəsi olduğu qeyd edilir.

Oktyabrın 28-də Rusiya mətbuatı İsveçrə prokurorluğunun adını çəkmədiyi işçisinə istinadən Y.Skrinnikin adına açılmış, ümumi həcmi 61 milyon dollara qədər olan hesabların dondurulduğu xəbərini yayıb.

Bildirilir ki, 2007 və 2012-ci illər arasında bu hesablara 140 milyon dollara qədər şübhəli maliyyə vəsaiti köçürülüb.

Y.Skrinnik 2009-2012-ci illərdə kənd təsərrüfatı naziri postunu tutub. O, hazırda Fransız Rivyerasında yaşayır.

Bu həftə rusiyalı prokurorlar kənd təsərrüfatı nazirinin keçmiş müavini Aleksey Bajanovun nəzarət etdiyi hesablardakı təqribən 12,2 milyon dollarlıq məbləği dondurmağı İsveçrədən xahiş ediblər.

Bu müraciət Rusiyanın dövlət şirkəti olan “Rosaqrolizinq” vasitəsilə çirkli pulların yuyulduğu barədə iddialarla bağlı aparılan təhqiqatın bir hissəsi sayılır. Y.Skrinnik nazir postuna təyin olunmazdan əvvəl bu şirkətin rəhbəri olub.

Rusiya mediasına müsahibəsində Yelena Skrinnik İsveçrə banklarında 61 milyon dollarının olduğunu inkar edib. O, bu məbləğin dondurulduğu barədə xəbərləri “yalan” adlandırıb.


Teqlər:





Xəbər lenti