ABŞ-ın məxfi məlumatlarını İŞİD-ə kim satırmış?

ABŞ-ın məxfi məlumatlarını İŞİD-ə kim satırmış?
  16 Oktyabr 2015    Oxunub:3277
ABŞ-ın 1,5 min hərbiçisi və federal hökumətin əməkdaşları barədə şəxsi məlumatları İŞİD terror qruplaşmasına çatdırmaqda ittiham olunan kosovalı haker Ardit Ferizi Amerika xüsusi xidmət orqanları tərəfindən Malayziyada həbs olunub.
Bu barədə oktyabrın 15-də ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, həmin şəxs ABŞ hüquq-mühafizə orqanlarının sorğusuna əsasən saxlanılıb. Hazırda onun ABŞ-a aparılması ilə bağlı müvafiq addımlar atılır.

A.Ferizi Kosovadan olan hakerlər qrupunun rəhbəri hesab olunur. ABŞ-ın səlahiyyətli orqanlarının qənaətinə görə, həmin şəxs qeyri-qanuni şəkildə Amerikadakı şirkətlərdən birinin kompyuter şəbəkəsinə daxil olaraq, 1351 nəfər haqda şəxsi məlumatları oğurlayıb. Söhbət ABŞ silahlı qüvvələrinin əsgərlərindən və əməkdaşlarından gedir. A.Ferizi əldə etdiyi məlumatları cari ilin iyun-avqust aylarında internetdə İŞİD-in təbliğatını aparan və Əbu Hüsseyn əl-Britani adı ilə tanınan Britaniya vətəndaşı Cunaid Hüsseynə ötürüb. Pentaqonun əvvəllər bəyan etdiyi kimi, həmin britaniyalı avqustun 24-də Suriyaya endirilən hava zərbələri nəticəsində məhv edilib.

ABŞ hüquq-mühafizə orqanlarının rəyinə görə, məhz C.Hüsseyn avqustun 11-də A.Ferizi tərəfindən oğurlanmış məlumatları internetə yerləşdirib. Bundan sonra ev ünvanları, telefon nömrələri və digər şəxsi məlumatları qeyd edilən şəxslər barədə İŞİD tərəfindən ABŞ-ın ünvanına internetdə təhdidlər səsləndirilib.

A.Ferizini ABŞ-da 35 il həbs gözləyir. Bu işlə bağlı təhqiqatı isə ABŞ Federal Təhqiqatlar Bürosu aparır. (Azərtac)


Teqlər:  





Xəbər lenti