Azərbaycanlı İŞİD-çilər Suriyadan Avropaya qaçır

Azərbaycanlı İŞİD-çilər Suriyadan Avropaya qaçır
  13 Oktyabr 2015    Oxunub:3725
Suriyada döyüşən İŞID-in bir çox tərəfdarları Avropaya qaçmağa başlayıb. Xarici mətbuatın açıqladığı rəqəmlərə görə, bu günə kimi 4000-ə yaxın İŞID yaraqlısı qaçqın adı altında Avropaya sığınıb.
Qərb KİV-lərin yaydığı məlumatlara görə, Suriyadan Avropaya qaçan İŞİD-çilər arasında qafqazlılar, o cümlədən azərbaycanlılar da da var. Onlar özlərini Suriya sakini kimi təqdim edərək Avropa ölkələrinə yerləşmək istəyirlər.

Liviya hökumətinin nümayəndəsi də BBC-yə müsahibəsində İŞİD silahlılarının Avropaya qaçdığını təsdiqləyib. Onun sözlərinə görə, Avropaya qaçan terrorçular arasında müxtəlif millətlərin nümayəndələri var.

İŞİD-çilər pasportlarını yandırdıqları üçün onların əsl kimliklərini müəyyən etmək çətindir.

Adının mətbuayda çəkilməsini istəməyən Xudat sakini əməkdaşımıza bildirib ki, Abdulvahid adlı qardaşı (dini ləqəbi belədir-red) Suriyadan qaçaraq Avropa ölkələrindən birinə yerləşib.

`Qardaşımdan neçə vaxt idi, xəbər ala bilmirdik. Bu yaxınlarda o evə zəng edərək Avropada olduğunu bildirdi. Biz onun sağ qalmasına ümid etmirdik. Düşünürdük ki, Suriyada öldürülüb. Amma o zəng edərək sağ-salamat olduğunu, qaçqın kimi Avropaya getdiyini bildirdi. Qardaşımın dediyinə görə, hazırda onunla bərabər döyüşlərdə iştirak edən bir neçə azərbaycanlı da Avropaya qaçıb`,-deyə müsahib vurğulayıb.

Onun sözlərinə görə, qardaşı telefon söhbətində əməlinə görə peşman olduğu deyib.

Azərbaycanlı İŞİD-çilər həbs ediləcəkləri üçün ölkəyə qayıtmaq istəmirlər, onlar bunun əvəzində Avropa ölkələrinə üz tutmağa can atırlar.

Məsələyə münasibət bildirən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu AzVision.az-a açıqlamasında vurğulayıb ki, İŞID qruplaşmasının “qaçqın” adı ilə Avropaya keçməsi tamamilə mümkündür. Politoloqun sözlərinə görə, Avropaya qaçanlar haqda dəqiq məlumat olmasa da azərbaycanlı İŞİD-çilərin də Suriyadan qaçması real görünür.

Ə.Oruclu hesab edir ki, bu yolla tək İŞID terror qruplaşmasının üzvləri deyil, istənilən terror təşkilatının nümayəndələri müxtəlif dövlətlərə yerləşib: “Bu yeni praktika deyil. Amma bir şey var ki, Avropa da düşündüyümüz qədər sadə məkan deyil ki, İŞID orada şəbəkələşə bilsin. İlk Avropa ölkələrinin bir-biri ilə çox sıx əlaqədə çalışan xüsusi xidmət orqanları var. Onlar dünyanın ilk onluğuna daxildirlər. Düşünmürəm ki, onlar bunu araşdırmayacaqlar. Hesab edirəm ki, hazırda İŞID yaraqlılarının Avropaya keçməsi ehtimallar səviyyəsindədir.

Mənə elə gəlir ki, bu barədə konkret faktlar yoxdur. Odur ki, bunlar hələ ki, ehtimallardır və mümkün variantlardan biri kimi nəzərdən keçirilir. Məhz Qərb mətbuatında ehtimalların olması və terror təşkilatlarının öz üzvlərini `qaçqın` kimi Avropaya göndərməsi mümkün ola bilər. Qərb mətbuatında da bu cür təqdim olunur. Nə qədər ki, ortada faktlar yoxdur, bu barədə ancaq ehtimal kimi danışmaq olar. İllər öncə də bir çox hallarda terror təşkilatlar bu siyasətdən istifadə edib.Məsələn, “Əl-Qaidə” Amerikaya kimi gedib çıxmışdı”, - deyə Ərəstun Oruclu bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti