Bakının qurtuluşu İstanbulda anılıb – VİDEO

Bakının qurtuluşu İstanbulda anılıb – VİDEO
  16 Sentyabr 2015    Oxunub:1986
Bakının işğaldan azad olunmasının 97-ci il dönümü İstanbulda anılıb. Kazım Karabəkir Kültür Evində “Osmanlı Ordusunun Azərbaycanı işğaldan azad etməsinin 97-ci il dönümü” Anma Paneli keçirilib.

Tədbiri giriş sözü ilə “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər açıb. O, qeyd edib ki, 1918-ci ildə Osmanlı Dövləti özünün ən ağır zamanında Azərbaycanı yalnız buraxmayıb və işğaldan azad edib. Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu Bakını, Kazım Karabəkir Paşa isə ikinci Qafqaz Ordusu ilə Naxçıvanı xilas edib. Bu gün Naxçıvanın özəl statusu, hər hansısa müdaxilə olarsa, Türkiyənin qeyd-şərtsiz Naxçıvanı qoruma haqqı məhz Kazım Karabəkir Paşanın sayəsində Qars müqaviləsi ilə mümkün olub.

- Bizim üçün Azərbaycan uğrunda savaşan hər bir türk əsgərinin xatirəsi əzizdir. Eyni zamanda bu gün Türkiyə terrorla üz-üzədir. Ötən əsrin əvvəllərində olduğu kimi daxili və xarici düşmənlər qardaş ölkəyə qarşı birləşiblər. Bizim də jurnalistlər olaraq, borcumuz Türkiyənin yanında olmaqdır,- deyə Aqil Ələsgər bildirib.

Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtuzov qeyd edib ki, “Bu gün Azərbaycan və Türkiyə münasibətləri yüksək səviyyədədir. Hər iki dövlət arasındakı əlaqələr çox genişdir. Ənvər Paşa, Kazım Karabəkir Paşa və Nuru Paşa Azərbaycan xalqı üçün önəmli insanlardır. Min il sonrakı tariximizdə də bu belə olacaq”.

Tədbirin ev sahibi, Kazım Karabəkir Paşa Vəqfinin başqanı Timsal Karabəkir çıxışında Paşanın döyüş yolundan bəhs edib. Kazım Karabəkir Paşanın Ərzurumda, Ağrıda və Anadolunun bir çox bölgəsində şahid olduğu erməni vəhşiliklərindən bəhs etdiyini açıqlayıb. “Azərbaycan torpaqlarının illərdən bəri erməni işğalı altında qalmasını qəbul etmək mümkün deyil. Ora türk yurdudur, türk yurdunun tək qarışı belə heç vaxt düşmən işğalı altında qala bilməz. Erməni işğalçılarının Qarabağdan rədd olub getmələrini istəyirəm, onlar oradan rədd olub gedənə qədər biz qərarlı şəkildə mübarizə aparmalıyıq”,- deyən Timsal xanım sözlərini Kazım Karabəkir paşanın “Cahan yıxılar, Türk yılmaz” sözləri ilə yekunlaşdırıb.

Tədbirin sonunda 1918-ci il 31 Mart və 26 fevral 1992-ci il Xocalı soyqırımlarından bəhs edən kitab və disklərdən ibarət sərgi qonaqlara təqdim edilib.




Teqlər:





Xəbər lenti