Nyu-Yorkda Qarabağ müzakirəsi

Nyu-Yorkda Qarabağ müzakirəsi
  26 Sentyabr 2014    Oxunub:1449
Görüşdə Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas elementləri üzrə dialoqu davam etdirməyi planlaşdırırlar.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andrie (Fransa) Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşərək prezidentlərin Parisdə oktyabrın sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.

Birgə görüş zamanı həmsədrlər və XİN rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonuna Parisdə planlaşdırılmış görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas elementləri üzrə dialoqu davam etdirməyi planlaşdırırlar. Həmsədrlər münaqişənin nizamlanması yolunda irəliləyişə nail olmaq üçün dövlət başçılarının məhsuldar diskussiya aparacaqlarına ümidvar olduqlarını ifadə ediblər.

Pyer Andrie keçiriləcək görüşdə gündəliyə salınacaq məsələlər barədə iştirakçıları qısaca məlumatlandırıb. Həmsədrlər yaxın zamanda bölgəyə səfər etmək niyyətində olduqlarını bildiriblər.

Həmsədrlər həmçinin ATƏT sədri Didye Burkhalter ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinin inkişafını müzakirə ediblər.

Onlar ATƏT sədrinə prezidentlərin Soçi və Uelsdə keçirilmiş son görüşlərinə dair hesabat təqdim edərək ona Parisdə planlaşdırılan görüş barədə məlumat veriblər.


Teqlər:





Xəbər lenti