Ziya Məmmədovun oğlu: `Ümid edirəm ki...`

  30 İyul 2014    Oxunub : 1452
Ziya Məmmədovun oğlu: `Ümid edirəm ki...`
Bu gün Qubada Azərbaycanın Qolf Federasiyası və European Challenge Tour-un təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk Azerbaijan Open Challenge turnirinin açılış mərasimi keçirildi.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, Qubadakı Milli Qolf Klubunda baş tutan tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət və şou-biznes nümayəndələri, dünyanın müxtəlif ölkələrindən gəlmiş və yarışda iştirak edəcək 150-dən artıq tanınmış qolfçu iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov açıb.

Anar Məmmədovun sözlərinə görə, qolf Azərbaycanda idmanın yeni bir növü olsa da, qısa bir müddət ərzində böyük uğurlara imza atılıb, ölkədə artıq sayca qolf üzrə ikinci yarış keçirilir:

"Mən ümid edirəm ki, qolf Azərbaycanda idmanın ən uğurlu növlərindən biri olacaq. Biz çalışacağıq ki, 2016-cı ildə Rio-de-Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarına Azərbaycandan da qolfçular göndərək.

Bu tədbiri təşkil edən komandama təşəkkürümü bildirirəm, onlar sözün əsl mənasında böyük iş görüblər.

Hörmətli oyunçular, qarşıdakı 3 gün ərzində sizlər Azərbaycanda həyatınızın ən maraqlı anlarını yaşayacaqsınız. Sizə uğurlar arzulayıram, hamımız sizə uğurlar arzulayırıq.

Bu tədbirə dəvətimizi qəbul edərək, Quba Milli Qolf Klubuna gəlmiş bütün tamaşaçılara da öz təşəkkürümü bildirirəm və tədbiri açıq elan edirəm".

Daha sonra çıxış edən European Challenge Tour-un rəhbəri Alan de Soltre tədbirin təşkilinə görə, Azərbaycan Qolf Federasiyasına təşəkkürünü bildirdi.

"Bu gün Azərbaycanda ilk beynəlxalq qolf turnirinin açılışında iştirak edirik. Azərbaycan Challenge Tour-un keçirildiyi 45-ci ölkədir. Biz Azərbaycanı gözəl və qüdrətli bir ölkə kimi aşkar etdik. Bütün oyunçulara uğurlar arzulayıram və bu möhtəşəm tədbiri təşkil edən Azərbaycan Qolf Federasiyası, onun prezidenti Anar Məmmədova dərin təşəkkürümü bildirirəm"

Teqlər: