Dünya okeanı rekord səviyyədə istiləşib

   Dünya okeanı rekord səviyyədə    istiləşib
  13 Yanvar 2025    Oxunub:381
Yeni araşdırmalar 2024-cü ildə dünya okeanlarında rekord temperatura çatığını müəyyənləşdirib. Müşahidələr tarixində temperaturun səviyyəsi təkcə okean səthində yox, həm də 2000 metrə qədər dərinlikdə ən isti həddə çatıb.
AzVision.az “Phys.org.” portalına istinadən xəbər verir ki, okean qlobal istiləşmədən yaranan artıq istiliyin 90%-ni qəbul etdiyinə və Yer səthinin 70%-ni tutduğuna görə iqlimə böyük təsir göstərir. Hava şəraitini formalaşdıran, atmosferə istilik və nəmişlik ötürən, iqlim dəyişikliyi sürətinə nəzarət edən məhz bu amildir.

Bu layihədə əməkdaşlıq edən üç beynəlxalq komandanın nəticələri birmənalı olub: okean istiləşir və 2024-cü il bu baxımdan rekord ilidir. 2023 və 2024-cü illər arasında 2000 m dərinlikdə istilik miqdarının qlobal artımı 16 zettacioul (1021 coul) təşkil edəcək ki, bu da 2023-cü ildə qlobal elektrik enerjisi istehsalından təxminən 140 dəfə çoxdur.

Okean səthində (bilavasitə atmosferlə sərhəddə) rekord qeydə alınıb. Səthin temperaturu vacib amildir, çünki istiliyin və nəmişliyin okeandan havaya nə qədər tez keçdiyini və beləliklə, havaya təsir etdiyini müəyyənləşdirir. Bu rəqəm 1950-ci illərin sonlarından etibarən sürətlə artır.


Lakin bəyişikliklər qeyri-bərabər səviyyədə yaşanır. Atlantik okeanı, Aralıq dənizi və Cənubi okeanın orta enlikləri istiləşir. Cənubi okean - Sakit, Atlantik və Hind okeanlarının Antarktidanı əhatə edən cənub hissələrinin məcmusu kimi və tez-tez beşinci okean kimi müəyyən edilir, lakin adalar və qitələrlə dəqiq müəyyən edilmiş şimal sərhədi yoxdur.

Sakit Okeanın bəzi şimal hissələri çox tez isinsə də, digər ərazilər (tropik) əsasən La-Ninya və El-Ninya dövrləri səbəbindən dəyişməz qalıb. Hətta Şimal və Cənub qütblərinin yaxınlığında belə istilik yığılır. Bu, dəniz həyatına təsir edir və böyük zərər verir.


Əsas nəticə atmosferdə su buxarının miqdarının artmasıdır ki, bu da ekstremal hava hadisələrinin təhlükəli səviyyədə artmasına səbəb olur. Güclü istilik qazı olan su buxarı təkcə quraqlığın artmasına və temperaturun artması səbəbindən meşə yanğınları riskinə deyil, həm də qasırğa və tayfun kimi dağıdıcı hadisələr də daxil olmaqla tufan və daşqınların tezliyinin və şiddətinin artmasını şərtləndirir.

Məsələn, son 12 ayda 104 ölkədə rekord temperatur qeydə alınıb. Quraqlıq, istilik dalğaları, daşqınlar və meşə yanğınları Afrika, Cənubi Asiya, Filippin, Braziliya, Avropa, ABŞ, Çili və Böyük Baryer rifini vurub. 1980-ci ildən bəri iqlim fəlakətlərinin ABŞ-yə təxminən 3 trilyon dollara başa gəldiyi təxmin edilir.


“Okean planetar istiləşmənin mühafizəçisidir və antropogen tullantılar nəticəsində Yerin iqlim sistemində yığılan artıq istilik üçün əsas yuva rolunu oynayır”, - tədqiqatın həmmüəllifi Karina fon Şukmann deyib.

Həyəcan təbili çalan alimlər beynəlxalq miqyasda zəruri tədbirlər görülməyəcəyi halda Dünya okenaına dəyən zərərin artmağa davam edəcəyini vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Okean   istiləşmə   rekord  





Xəbər lenti