CNN: “ABŞ-də iqtisadi fövqəladə vəziyyətin elan olunacağı istisna deyil”

      CNN:    “ABŞ-də iqtisadi fövqəladə vəziyyətin elan olunacağı istisna deyil”
  09 Yanvar 2025    Oxunub:373
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra idxala rüsumların tətbiq olunması üçün ölkədə iqtisadi fövqəladə vəziyyət elan edə bilər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “CNN” telekanalı belə məlumat yayıb.

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müttəfiqlərə və düşmənlərə külli miqdarda gömrük rüsumlarının tətbiqinə hüquqi əsas vermək üçün milli iqtisadi fövqəladə vəziyyət elan etməyi düşünür”, - telekanalın saytında 4 məlumatlı mənbəyə istinadən yerləşdirilən məlumatda iddia olunur.

Kanalın həmsöhbətlərinin dediyinə görə, ABŞ-də iqtisadi fövqəladə vəziyyət elan olunacağı halda, Tramp dövlət başçısının idxala şəxsən nəzarətinə imkan verən Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktından (IEEPA) istifadə etməyə meyllidir.

Qeyd edək ki, Çin və digər ölkələrdən idxal olunan məhsulların tariflərinin artırılması Trampın çıxışlarında ən çox toxunulan mövzulardan biridir. Son açıqlamalarına görə, o, Çin mallarının idxalına 10% əlavə tariflər tətbiq etməyi planlaşdırır, halbuki bir müddət əvvəl o, 60-100% rüsumların tətbiq oluna biləcəyi təhdidini səsləndirib.

Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək
Bir müddət əvvəl isə Donald Tramp Meksika və Kanada mallarına 25% civarında ayrıca idxal rüsumları tətbiq edəcəyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   iqtisadiyyat   fövqəlvəziyyət  





Xəbər lenti