"Aİ dəfələrlə hökumətimizə siyasi dəstək göstərib” - Mirzoyan

 "Aİ dəfələrlə hökumətimizə siyasi dəstək göstərib”  - Mirzoyan
  09 Yanvar 2025    Oxunub:382
Xəbər verdiyimiz kimi Ermənistan hökuməti cümə axşamı keçirilən iclasında “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Sənəd parlamentə göndərilib.
"Sputnik Armeniya"nın yaydığı məlumata görə, iclasda bir sıra diqqət çəkən siyasi bəyanatlar da verilib.

Ermənistan Aİ yolunu seçir
Nəşr xatırladıb ki, “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması məqsədi ilə imza toplanması prosesi bu ilin sentyabr-oktyabr aylarında həyata keçirilib: "Ötən il oktyabrın 25-də qərbyönlü siyasətçiləri və ictimai xadimləri birləşdirən təşəbbüs qrupu 60 min imza (qanunla nəzərdə tutulan 50 min əvəzinə) topladığını bəyan etmişdi.

İclasda çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumətin qanun layihəsini dəstəkləməyi tövsiyə etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu qərar son illərdə Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dinamik və intensiv inkişaf etməsinə əsaslanır.

Nazir həmçinin qeyd edib ki, Avropa İttifaqı “dəfələrlə Ermənistan hökumətinə siyasi dəstəyini ifadə edib” və həmçinin qurum “regionda təhlükəsizliyin təmin edilməsində” iştirak edib (Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki mülki müşahidəçi missiyasını nəzərdə tutur-red.).

"Buna əsaslanaraq, siz Avropa Parlamentindəki çıxışınızda vurğulamışdınız ki, Ermənistan Aİ-nin şərait yaratdığı qədər bu qurumla yaxınlaşmağa hazırdır. Biz artıq bu prosesin əlamətlərini görürük: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayıb, ümumilikdə yeni əməkdaşlıq gündəliyi formalaşır", - Mirzoyan ölkə rəhbəri Nikol Paşinyana müraciətində deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan    





Xəbər lenti