"Çin ABŞ-la ədalətsiz ticarət həyata keçirir"

   "Çin ABŞ-la ədalətsiz ticarət həyata keçirir"
  06 Yanvar 2025    Oxunub:823
"Çinə qarşı sərt iqtisadi qərarlar yalnız Ağ Evdə qəbul olunmur. ABŞ Konqresində Respublikaçılar və Demokratlar Partiyasının üzvləri arasında Çin əleyhdarları kifayət qədər çoxdur. Nümayəndələr Palatasında və Senatda “Çinlə münasibətləri normallaşdırmaq lazımdır” tezisiylə çıxış edən yoxdur. Respublikaçı senator Tim Skott Çinlə ticarəti qadağan edən qanunun qəbulunu dəstəkləyir. Prezidentliyə namizədliyini irəli sürən, daha sonra geri çəkilən Tim Skott qatı anti-Rusiya və anti-Çin mövqeyi ilə tanınıb".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial media hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasında Çin Kommunist Partiyasıyla bağlı xüsusi komitə mövcuddur:

ABŞ : “Çin nüvə qüvvələrini artırır”
"Komitənin sədri Con Mulenardır. O da Tim Skott kimi Çinlə ticarət əlaqələrinin dayandırılmasının tərəfdarıdır. Konqresmenlər hesab edirlər ki, Çin ABŞ-la ədalətsiz ticarət həyata keçirir. Bu səbəbdən Con Mulenar Çinə qarşı yeni qanun layihəsi hazırlayıb. Qanun layihəsi ABŞ şirkətlərinə Çinə yatırım qoymağı qadağan edir. Konqresmenin fikrincə, Amerika yatırımları Çinin hərbi gücünün artmasına və bu ölkənin texnoloji inkişafına yardım edir. Yəni konqresmen demək istəyir ki, rəqibimizi öz əlimizlə gücləndirməməliyik. Qanun layihəsi Amerikanın sığorta və pensiya fondlarına da Çinlə maliyyə əməkdaşlığını qadağan edir.

Qadağalara baxmayaraq, ABŞ-nin bir qrup şirkəti və maliyyə qurumu Çinlə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Vaşinqton bununla bağlı xüsusi araşdırmalar aparıb, Çinlə əməkdaşlıq edən şirkətlərə və maliyyə qurumlarına xəbərdarlıq edilib. O da müəyyənləşdirilib ki, Amerikadan Çinin süni intellekt proqramlarına 1.9 milyard dollar, yarımkeçiricilər istehsalıyla məşğul olan müəssisələrinə 1.2 milyard dollar yatırım qoyulub.

Ümumilikdə Amerikadan Çinin 63 şirkətinə 6.5 milyard dollar yatırım cəlb olunub. Heç şübhəsiz Amerikanın maliyyə qurumları bu yolla vəsaitlərini artırmağı hədəfləyiblər. Ancaq amerikalı qanunvericilər fərqli fikirdədirlər. Konqresmenlər bu yatırımların birbaşa Pekinin hərbi gücünə xidmət etdiyi qənaətindədirlər. ABŞ-nin yeni Prezidenti Donald Tramp da eyni fikirdədir. Pekin Vaşinqtonla ticarət müharibəsində maraqlı olmasa da, alternativ variantlara hazırlaşır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   Çin  





Xəbər lenti