Husilər Təl-Əviv aeroportuna zərbə endiriblər

Husilər Təl-Əviv aeroportuna zərbə endiriblər
  27 Dekabr 2024    Oxunub:348
Yəməndəki husilər İsrailin paytaxtı Təl-Əviv şəhərindəki hava limanına hipersəs sürətli raket hücumu həyata keçirdiklərini açıqlayıblar.
AzVision.az xəbər verir ki, Yəmənin şimalında hakim “Ənsar Allah” şiə hərbi-siyasi hərəkatı İsrailin Səna və Hudeyda əyalətindəki beynəlxalq hava limanını bombalamasına cavab olaraq Təl-Əvivin Ben-Qurion hava limanına raket hücumu həyata keçirdiyini bildirib.

“Ben Qurion hava limanına “Fələstin 2” hipersəs sürətli ballistik raketi vasitəsi ilə hücum həyata keçirdik. İsrailin Səna və Hudeydədəki mülki hədəflərə qarşı təcavüzü Yəmən xalqının Fələstin xalqını dəstəkləmək əzmini gücləndirəcək. Düçmənin ən mühüm aktivləri də daxil olmaqla onun işğal edilmiş Fələstindəki hədəf bazasını genişləndirmək imkanımız var”, - husilərin hərbi qüvvələrinin “Telegram-kanal”ında yaydıqları bəyanatda vurğulanır

Qeyd edək ki, dünən İsrail qırıcılarının Səna hava limanına, Səna və Hudeydə elektrik stansiyalarına, habelə Yəmənin qərbindəki limanlara zərbələr endirməsi nəticəsində, son məlumatlara görə, 6 adam ölüb, 40 isə nəfər yaralanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: husilər   İsrail   aeroport  





Xəbər lenti