Azərbaycana başsağlığı verilir - YENİLƏNİR

Azərbaycana başsağlığı verilir  -  YENİLƏNİR
  25 Dekabr 2024    Oxunub:512
Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bununla bağlı Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Eyni zmanda İsrailin Azərbaycandakı səfiri Corc Dik də təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. O, bu barədə Corc Dik “X” hesabında paylaşım edib.

“Bu gün Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı xəbərlər bizi şok etmiş və dərin kədərə boğmuşdur. Biz sağ qalanların tezliklə sağalmaları üçün dua edirik.İsrail xalqı adından həyatını itirənlərin ailələrinə dərin başsağlığı veririk. İsrail səfirliyi müvafiq orqanlarla əlaqə saxlayır və lazım olan hər hansı bir yardım göstərməyə hazırdır.Qurbanların ruhu şad olsun”- deyə paylaşımda bildirilib.

Gürcüstan Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib. “Onlarla insanın həyatına son qoyan sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq. Biz Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - məlumatda qeyd edilib.

Litvanın Bakıdakı səfiri Kestutis Vaşkeleviçius Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib. Diplomat bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciəvi xəbərlər gəlir. Azərbaycan Xarici İşlər Nazirliyinə, ölkə xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralılara tezliklə sağalmağı arzulayıram. Allah bizi belə faciələrdən qorusun”, - səfir qeyd edib.

Fransanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Bu gün Aktau yaxınlığında baş vermiş “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik”, - məlumatda qeyd olunub.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycana başsağlığı verib. O, bu barədə “X” hesabında paylaşım edib.

“AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşıladım. Fikrim həlak olanlar, onların ailələri və bu ürəkağrıdan faciədən əziyyət çəkən insanların yanındadır”, - məlumatda qeyd olunub.

Rumıniya Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır”, - paylaşımda qeyd olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana aid təyyarənin qəza xəbərini böyük bir üzüntü ilə öyrəndiyini bildirib. Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı deyib. “Hər iki qardaş ölkəyə - Azərbaycan və Qazaxıstana millətimiz adına başsağlığı və keçmiş olsun diləklərimi ifadə edirəm”, - Prezident bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Bu barədə o, "X"də yazıb. "Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm.Belə bir faciə kədərə səbəb olmaya bilməz"", Ermənistanın Baş naziri qeyd edib.

Meksikanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Aktau yaxınlığında AZAL-ın faciəvi qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzulayırıq", - diplomatik nümayəndəliyin məlumatında bildirilib.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. O, bu barədə rəsmi “X” hesabında yazıb.

“Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını böyük kədərlə öyrəndim. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm”, - paylaşımda qeyd olunub.

İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

AzVision.az



Teqlər:





Xəbər lenti