3 ton heroin ermənilərin imiş

3 ton heroin ermənilərin imiş
  17 İyul 2014    Oxunub:1272
Gürcüstan gömrüyündə içində dəyəri yüz milyonlarla dollarla ölçülən 3 tona yaxın heroin olan yük maşınının saxlanması faktı ilə bağlı yeni təfərrüatlar bəlli olub.

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze həmin narkotikin əfqan mənşəli olduğunu, Əfqanıstandan İrana, oradan Azərbaycana, daha sonra Gürcüstana keçirildiyini demişdi. Gürcü nazirin sözlərinə görə, narkomafiya 3 tonadək heroini Gürcüstandan Türkiyəyə, oradan isə Avropaya daşımağı planlaşdırıbmış, lakin aylarla davam edən əməliyyat buna mane olub.

Aleksandr Çikaidze onu da bəyan etmişdi ki, iri partiyadakı bu narkotik maddə Azərbaycan sərhədindən “əməliyyat tədbirləri çərçivəsində” buraxılıb.

Bu gün - iyulun 16-da isə Gürcüstan Maliyyə Nazirliyi yanında Vergilər İdarəsinin (bu idarə Gürcüstanın vergi sisteminin formalaşdırılması və ona nəzarət üzrə ən əsas qurum, baş idarə sayılır-red.) rəsmi saytı sensasion məlumat yayıb. Gürcüstanın Vergilər İdarəsi bəyan edir ki, həmin narkotik maddənin Azərbaycan sərhədlərindən keçirilməsi və Azərbaycan ərazisindən tranzit kimi istifadə olunması barədə bundan əvvəl yayılan xəbər yalandır və dezinformasiya xarakteri daşıyır.

Virtualaz.org saytı Gürcüstan Maliyyə Nazirliyi yanında Vergilər İdarəsinin yaydığı rəsmi press-relizə istinadən bildirir ki, bu cinayətin üstü Vergilər İdarəsi əməkdaşlarının Gürcüstan Daxili İşlər Nazirliyinin dəstəyi ilə və birgə apardıqları təhqiqat zamanı açılıb. Nəticədə beynəlxalq narkotik tranziti üzə çıxarılıb. Baxış üçün saxlanılan yük maşınından maye halda olan 2 ton 790 kiloqram heroin aşkarlanaraq götürülüb.

Vergilər İdarəsinin yaydığı sənəddə o da vurğulanır ki, Gürcüstanın hüquq-mühafizə orqanları hələ indiyədək bu həcmdə narkotik maddə aşkarlaya bilməmişdilər. Gürcüstan tərəfinin bəyan etdiyinə görə, təhqiqat zamanı o da məlum olub ki, heroin yüklənmiş yük maşını Gürcüstan ərazisinə qonşu Ermənistandan keçib. Maşın yüklə birgə son təyinat yeri olan Türkiyəyə gedirmiş.


Teqlər:  





Xəbər lenti