`Almanlara başlarını qaldırmağa imkan verməməliyik`

`Almanlara başlarını qaldırmağa imkan verməməliyik`
  13 İyul 2014    Oxunub:1091
Argentina millisinin baş məşqçisi Alexandro Sabelya DÇ-2014-ün Almaniya ilə final oyunu ərəfəsində mətbuat konfransı keçirib. Tədbirə 20 dəqiqə gecikən mütəxəssis suallara qısa cavab verib.
- Finala çıxdığımız üçün xoşbəxtik. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Komandamız hazırda mübariz əhval-ruhiyyədədir. Hər bir futbolçu öz ölkəsinə sevinc bəxş etmək əzmindədir.

– Almaniya ilə oyunda sizin üçün ən vacib məqam nə olacaq?

- Almanlara başlarını qaldırmağa imkan verməməliyik. Almaniya adi milli komanda deyil. Onlar planetin ən güclü millilərindəndir. Onların hücumu zamanı sanki üzərinə böyük bir dalğa gəlir. Təhlükə bizi hər mövqedən vura bilər. Almaniyaya qalib gəlmək üçün ideal oyun keçirməliyik. Müdafiədə ciddi oynamalı, hücumda şanslarımızı boşa verməməliyik.

– Siz oyunçularınıza DÇ-2010-da Almaniyaya 0:4 hesablı məğlubiyyəti xatırlatmısınız?

– Son iki çempionatı müqayisə etmək istəmirəm. Dörd il əvvəl olanlar tarixdə qalıb. O zaman mən komandada deyildim, ona görə də yarışa necə hazırlaşdıqlarını bilmirəm. Bir ona əminəm ki, futbolçular qələbə qazanmağı çox istəyiblər. Təəssüf ki, erkən qol onların oyununu “sındırdı”. İndi Argentina komandası daha konservativ oyun nümayiş etdirir.

– Mundialdan sonra millinin tərk edəcəyiniz haqda xəbərlər yayılıb.

– Bu haqda hələ fikirləşməmişəm. Hələlik ancaq qarşıdalı finalı düşünürəm.

Anxel Di Mariya finalda oynaya biləcək?

– Onun durumuna baxacağıq. Hər şey son məşqdən asılıdır. Məşqdən sonra futbolçunun özü və həkimlərlə danışacağıq.

– O fikirlə razısınız ki, finaldakı qələbə Argentina futbolu üçün çox vacibdir?

– Bütün ölkənin arzusu yerinə yetəndə ciddi dəyişiklik baş verir. Bu, Argentinada futbolun böyük sıçrayışı üçün yaxşı bir şansdır. Qələbə gənclərə yeni stimul verə, inkişaf başlana bilər. Bu, ilk növbədə ölkə çempionatına, regional liqalara və uşaq futbol məktəblərinə aid olacaq.

– Argentina azarkeşləri Braziliyanı sevmirlər. Siz mundialda Braziliya millisini qabaqlamaqdan məmnunsunuz?

– Şəxsən mən Braziliyaya həmişə hörmətlə yanaşmışam, onu böyük futbol ölkəsi saymışam. Beş dünya çempionluğu heç kimdə yoxdur. “Marakana”da final oynamaq şərəfdir.qol.az


Teqlər:  





Xəbər lenti