Başkənd əməliyyatının komandiri: “Oranı azad etməsəydik, bu rayonlar gedirdi"
Onun sözlərinə görə, Şınıxın Tovuza bir tək Seyidlərdən çıxışı var idi:
"Mutudərə kəndini 1992-ci ildə ermənilər işğal etmişdilər. Təsəvvür edin, Gədəbəyə çıxış yox idi. Həmin ilin avqust ayında bəzi hərbçilər və mülki əhali panikaya düşüb kəndi atıb qaçmışdılar. Ermənilər orada qalsaydı, Gədəbəyin Saratovka və Tovuzun Qaralar kəndlərindən keçib Tovuza gələcəkdilər. Tovuzun Ermənistanla sərhəddə olan Qaralar və digər kəndləri artıq mühasirədə qalırdı. Müharibənin özünün yazılmamış qanunları var. Tovuz işğal olunsa, Şəmkirə də təhdid yaranırdı. Gədəbəy qalacaqdı bir kənarda, ermənilər gəlib Şəmkiri işğal edəcəkdilər. Bizim üstünlüyümüz onda oldu ki, əhalinin yarısı kənddə qalmışdı. Bizdən arxada mülki əhali olduğu üçün ərazini qorumaq daha asan idi. Lakin arxada adam olmadıqda, boşluqdan istifadə edib, qorunmaq üçün həmin yerə çəkilə bilərdik. Mutudərədə isə ümumiyyətlə bir adam da qalmamışdı. Təxribatçılar insanları panikaya salıb, evlərini tərk etməyə yönəltmişdilər".
Etibar Əmiraslanov deyib ki, yerli sakinlərin arasından bəziləri onlara qarşı təxribata əl atıblar:
“Biz əhalinin çıxışına imkan vermədikdə, bəzi təxribatçılar deyirdilər ki, bunlar erməniyə işləyənlərdir. Ən uğurlu əməliyyatlarımızdan biri məhz Başkənd əməliyyatı olub. Oranı ermənilərə vermək, Şınıx bölgəsinin blokadaya alınması deməkdir. Qazaxın 4 kəndindən birini saxlasınlar, amma Başkəndə toxunmasınlar. Başkənd əməliyyatlarında mənim “Bozqurd batalyonu”mdan başqa gədəbəylilər var idi. Onlar sona qədər yanımızda oldular, vuruşdular. Daha sonra Qazaxdan, Ağstafadan döyüşçülər gəldilər”.
Batalyon komandiri döyüşlərdə könüllü iştirak etdiyini bildirib:
"Özüm ilk gündən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. Artıq Başkəndi geri qaytardıqdan sonra o vaxtkı hakimiyyətin xəbəri oldu ki, biz orada döyüşmüşük. Həmin vaxt müdafiə naziri Dadaş Rzayev idi. Onun bu əməliyyatdan öncədən xəbəri yox idi".
Etibar Əmiraslanov deputat Rasim Musabəyovun Başkənd haqda dediklərinə belə münasibət bildirib:
"O deputatın Başkənd haqda təsəvvürü yoxdur. Olsa idi, belə ziyanlı fikirlər səsləndirməzdi. Azərbaycanın indiki həssas vaxtında hamımız məsuliyyətli olmalıyıq. Xüsusilə də tanınmış şəxslər sözlərinə diqqət etməlidirlər. Onların bu cür yanlış fikirlərindən düşmən ölkə sonra əleyhimizə istifadə edir".
AzVision.az
Teqlər: müsahibə