Baydenin ultimatumundan sonra İsrail güzəştə gedir

   Baydenin    ultimatumundan sonra İsrail güzəştə    gedir
  05 Aprel 2024    Oxunub:1448
İsrailin hərbi-siyasi rəhbərliyi Qəzza zolağına humanitar yardımın əhəmiyyətli dərəcədə artırılmasını təsdiqləyib. İsrail hökumətinin bu yaxınlarda qəti şəkildə etiraz etdiyi Aşdod dəniz limanı və Erez sərhəd terminalı vasitəsilə malların çatdırılmasına icazə verilməsi qərara alınıb.
AzVision.az İsrail mediasının yaydığı məlumata istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclası Benyamin Netanyahunun ABŞ prezidenti Co Baydenlə telefon danışığından qısa müddət sonra keçirilib. Həmin danışıqda Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması tələbini qoyan Co Bayden ABŞ-nin İsrailə gələcək dəstəyinin bundan asılı olduğunu açıq şəkildə bildirib.

İsrailin Nazirlər Kabinetinin bəyanatında deyilir ki, güzəştlər “döyüş əməliyyatlarının davam etdirilməsi və müharibə məqsədlərinə nail olunmasının təminatı üçün zəruridir”. Aşdod dəniz limanı və Erez keçid məntəqəsinin açılmasına icazə, həmçinin İordaniyanın yardımının Kerem Şalom keçid məntəqəsi vasitəsilə birbaşa daşınmasına razılıq “müvəqqəti tədbir” adlandırılıb.

Bundan əlavə, Baş nazir Benyamin Netanyahu, Müdafiə naziri Yoav Qalan və nazir Benni Qantsa “Qəzza zolağında mülki şəxslərə humanitar yardımı artırmaq üçün çevik addımlar atmaq” səlahiyyəti verilib.

Hökumətin qərarını “yanlış” adlandıran Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir girovların qaytarılmasının yeganə yolunun Qəzzaya humanitar yardımın dayandırılması olduğunu deyərək, “Rəfaha indi daxil olun” çağırışını edib.

Xarici İşlər naziri İsrael Kats isə Aşdod limanının açılmasına qarşı çıxıb. Onun sözlərinə görə, bu, Qəzzanın təminatında məsuliyyətin son nəticədə İsrailə həvalə olunmasına gətirib çıxaracaq.

Ağ Ev, öz növbəsində Təl-Əvivin qərarını alqışlayıb.

“Prezident Baydenin Baş nazir Netanyahu ilə söhbəti zamanı xahişindən sonra İsrail hökumətinin elan etdiyi addımları alqışlayırıq. Atılan addımlar tam və sürətlə həyata keçirilməlidir. Prezident Bayden bildirib ki, ABŞ-nin Qəzza zolağına dair siyasəti İsrailin hərəkətlərinin qiymətləndirilməsi ilə müəyyən ediləcək”, - Ağ Evin bəyanarında deyilir.

ABŞ-nin dövlət katibi Antoni Blinken də İsrailin dəstəyinin Qəzza ilə bağlı humanitar addımlardan asılı olacağını deyib. Aprelin 4-də axşam saatlarında Brüsseldə keçirdiyi mətbuat konfransında o, müharibə üsullarında ciddi dəyişikliklər etməyənə qədər İsrailin Amerikanın dəstəyini almayacağını bildirib.

Yaranmış vəziyyəti şərh edən keçmiş ABŞ prezidenti və bu il prezidentliyə namizəd Donald Tramp isə deyib ki, “ictimai rəy uğrunda müharibəni tamamilə uduzmuş” İsrail hərbi əməliyyatları dayandırsa yaxşıdır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İsrail   ABŞ  





Xəbər lenti