Hürriyət: Ərdoğan Nazirlər Kabinetində və AKP-də dəyişiklik edə bilər

    Hürriyət:    Ərdoğan Nazirlər Kabinetində və AKP-də dəyişiklik edə bilər
  05 Aprel 2024    Oxunub:811
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli özünüidarəetmə orqanlarına seçkilərdə məğlub olduqdan sonra hakim Ədalət və İnkişaf Partiyasının kabinetində və rəhbərliyində bir sıra dəyişikliklər edə bilər.
Bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb. Qeyd olunub ki, Ərdoğan artıq hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyi ilə görüş keçirib. Türkiyə lideri partiyanın yerlərdə yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istədiyi nəticəni əldə edə bilmədiyini, nəticələrin təhlil ediləcəyini bildirib.

Hökumət dairələrinə yaxın qəzet köşə yazarı Abdulkadir Selvi bildirib ki, partiyanın qərargahı və Nazirlər Kabineti ilə bağlı dəyişikliklər də gecikmədən baş verməlidir.

"Bəzi köhnəlmiş nazir və sədr müavinlərinin dəyişdiriləcəyi gözlənilir. Əgər bu dəyişikliklər vaxtında edilməsə, bu dəfə gözləntilər məyusluğa çevrilə bilər".

Martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) geridə qoyub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti