Türkiyə XİN: "Ermənistan-Aİ-ABŞ görüşü tərəfsizlik şərtini pozacaq"

      Türkiyə XİN:    "Ermənistan-Aİ-ABŞ görüşü tərəfsizlik şərtini pozacaq"
  04 Aprel 2024    Oxunub:817
Türkiyə Xarici İşlər Nazirliyi sabah Brüsseldə keçiriləcək Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşlə bağlı bəyanat yayıb.
AzVision.az həmin bəyanatı diqqətə çatdırır:

"Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etməsi və 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı ilə ölkənin bütün ərazisində suverenliyi bərpa etməsi regionda daimi sülh və sabitlik üçün tarixi fürsət yaradıb.

Belə bir tarixi fürsətin öz məqsədinə çatmağa yaxınlaşdığı bir dövrdə üçüncü tərəflərin, eləcə də regiondan kənar ölkələrin prosesə ədalətli, obyektiv yanaşması və zərər vurmaqdan qaçınması çox vacibdir.

Bu kontekstdə bəyan etməliyik ki, Ermənistan, Aİ və ABŞ arasında 5 aprel 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş regiondakı münaqişənin həlli naminə zəruri tərəfsizlik şərtini pozacaq.

Azərbaycanı danışıqlardan kənarda saxlayan bu addım sülhə xidmətdən ziyadə Cənubi Qafqazın geosiyasi münaqişə meydanına çevrilməsinə gətirib çıxaracaq.

Bir daha vurğulayırıq ki, üçüncü ölkələr proses çərçivəsində öz addımlarını regionun xüsusiyyətlərinə uyğun şəkildə atmalı və tərəflərə bərabər məsafədə yanaşmalıdır.

İnanırıq ki, Cənubi Qafqaz daimi sülh və sabitlik zəminində irəliləyərək, layiqli regional rifaha qovuşacaq.

Türkiyə bu mövzuda öhdəsinə düşən işləri görməyə həmişə hazırdır və bu yöndə fəaliyyətinə, Azərbaycan və Ermənistan arasında daimi sülh naminə tarixi fürsəti əldən verməməklə bağlı çağırışına davam edəcək".

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   XİN   bəyanat   Azərbaycan   Ermənistan   ABŞ    





Xəbər lenti