Melkonyan: “İlham Əliyev bizdən öz xalqının torpaqlarını istəyir“

      Melkonyan:    “İlham Əliyev bizdən öz xalqının torpaqlarını istəyir“
  03 Aprel 2024    Oxunub:1240
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputatı Qaqik Melkonyan diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, 24TV-nin efirində çıxışı zamanı Azərbaycanın haqlı olaraq İrəvandan öz kəndlərini geri istədiyini deyib. Jurnalist deputata "baş nazir Nikol Paşinyan xalqı niyə qorxudur? Nə üçün deyir ki, Tavuşdakı məlum ərazilərdən əl çəkməsək, müharibə olacaq?” suallarını verib.

Erməni deputatdan etiraf: "Tavuşdakı kəndlər Azərbaycan ərazisi olub"
Ermənistan parlamentinin müdafiə komitəsinin üzvü isə heç kimi hədələmədiklərini söyləyib: “Hədə-qorxu nədir? Əgər doğru sözü, reallığı deyiriksə, bu zorbalıqdır? Azərbaycan bütün dünyaya səslənərək bəyan edir ki, ermənilər onların torpaqlarını zəbt ediblər. Əgər kəndləri geri qaytarmasalar, o zaman öz torpaqlarımızı zor gücü ilə alacağıq. Biz də bunu xalqa çatdırırıq. Bəyəm bu, həqiqətən bizim hədə gəlməyimiz sayılır?”.

Jurnalist siyasətçinin sözünü kəsərək "Ola bilsin ki, sabah Azərbaycan İrəvan və Göyçəyə də iddialı olacaq və bu ərazilərin də onların torpağı olduğunu bəyan edəcək" deyib. Melkonyan bu fikrə də cavab verib: “İrəvan və "Sevan" Ermənistanın ərazisidir. İlham Əliyev bizdən İrəvanı və "Sevan"ı tələb etmir, bu adam öz torpağını istəyir!”.

Bir müddət öncə Ermənistan parlamentinin digər deputatı Vahe Qalumyan da oxşar fikirlər səsləndirmişdi. O, Milli Assambleyada jurnalistlərə verdiyi müsahibə zamanı qeyd edib ki, rəsmi Bakının hazırda tələb etdiyi və Tavuş ərazisi kimi göstərilən 4 kənd əvvəllər Azərbaycan torpaqları olub.

Xatırladaq ki, Ermənistanın baş naziri ötən ay sərhəd kəndlərinin sakinləri ilə görüşü zamanı İrəvanın Bakı ilə Tavuş bölgəsində sərhədləri dəqiqləşdirməsini vacib sayıb. O, əks halda bölgədə yeni münaqişənin başlayacağını iddia edib.

Martın 7-də sərhəddə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib.

Bundan 2 gün sonra isə, Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edib.

Son günlər isə İrəvan Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrin şəxsi heyətini və hərbi texnikasını, o cümlədən artilleriya qurğularını intensiv şəkildə toplayır. Hərbi aktivlik xüsusən də Qazaxın işğalda qalan kəndləri yaxınlığında müşahidə olunur.
Tural Tağıyev

AzVision.az



Teqlər:   Ermənistan   Azərbaycan   Müharibə   Deputat   Sərhəd   Kənd  





Xəbər lenti