ABŞ və İsrail Rəfah əməliyyatı ilə bağlı razılığa gələ bilmir

   ABŞ və İsrail Rəfah əməliyyatı ilə bağlı razılığa gələ bilmir
  03 Aprel 2024    Oxunub:973
Vaşinqton və Qüds İsrail ordusunun Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində quru əməliyyatı keçirməsi məsələsində razılığa gələ bilmir.
Bu barədə Axios informasiya portalı mənbələrə istinadən məlumat yayıb. Belə ki, 1 milyondan çox fələstinlinin sığındığı şəhərdəki əməliyyat ABŞ və İsrail arasında münaqişə zamanı ortaya çıxan ən mübahisəli məsələlərdən birinə çevrilib.

Amerika tərəfdən dövlət katibi Antoni Blinken və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın, İsrail tərəfdən isə strateji planlaşdırma naziri Ron Dermer və Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbinin iştirak etdiyi onlayn görüşdə, 1 milyondan çox fələstinlinin Rəfahdan təxliyəsi variantları müzakirə edilib.

Bayden administrasiyası sürətli və qeyri-mütəşəkkil evakuasiya halında potensial humanitar fəlakətlə bağlı yenidən narahatlığını ifadə edib. İsrail tərəfi mülki şəxslərin təxliyəsi üçün ümumi ideyalar təqdim edib və onların həyata keçirilməsinin yerdəki vəziyyətdən asılı olaraq ən azı dörd həftə və ya daha çox vaxt çəkə biləcəyini qeyd edib.

ABŞ bu planları qeyri-real adlandıraraq, İsrailin tapşırığın mürəkkəbliyini lazımınca qiymətləndirmədiyini bildirib. Axios mənbələrinin məlumatına görə, ABŞ nümayəndələri evakuasiya üçün hazırlıq müddətini 4 aya çatdırıb, lakin İsrail tərəfi bu təklifi rədd edib.

Çərşənbə axşamı Ağ Evin mətbuat xidməti onlayn görüşdən sonra tərəflərin birgə bəyanatını yayıb. Orada qeyd olunub ki, Amerika tərəfi Rəfahda müxtəlif fəaliyyət variantları ilə bağlı öz narahatlığını ifadə edib, İsrail tərəfi bu narahatlıqları nəzərə almağa və strateji məsləhət qrupunun nəzarəti altında ekspertlərin iştirakı ilə sonrakı məsləhətləşmələr aparmağa razılaşıb.

Martın 25-də İsrailin baş naziri Benyamin Netanyahu Rəfah əməliyyatını müzakirə etmək üçün ABŞ-a nümayəndə heyəti göndərməmək qərarına gəlib. Buna səbəb Vaşinqtonun BMT Təhlükəsizlik Şurasında Fələstin anklavında saxlanılan girovların məcburi azad edilmədən Ramazan ayının sonuna qədər Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməyə veto qoymamasıdır.

Hökumət başçısı daha sonra bildirib ki, onun bu qərarı Fələstinin radikal HƏMAS hərəkatına BMT Təhlükəsizlik Şurasının atəşkəs qətnaməsini təsdiqləməsi fonunda İsrailin beynəlxalq təzyiqlərə boyun əyməyəcəyinə dair siqnaldır.

Martın 30-da CNN xəbər verib ki, Amerika və İsrail nümayəndələri arasında Rəfah əməliyyatı ilə bağlı danışıqlar aprelin 1-də Vaşinqtonda baş tuta bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti