Daşnak İşxanın qardaşlarından sonra atasına da cinayət işi açıldı

   Daşnak İşxanın qardaşlarından sonra    atasına da cinayət işi açıldı
  29 Mart 2024    Oxunub:881
"Daşnaksütyun"un əsas rəhbərlərindən olan deputat İşxan Saqatelyanın atası Vaçik həbs oluna bilər. AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, artıq prokurorluq radikal daşnakın atasına qarşı cinayət işi də açıb.

Saqatelyan cinayət işinin başlanması faktını təsdiqləyib. O iddia edib ki, bu, sırf siyasi təqib məqsədi daşıyır və uydurma iş üzərindən açılıb.

Saqatelyan ifşa olundu: Atası və özü döyüşlərdən qaçıb
“Aydın məsələdir ki, ailə üzvlərimi hədəfə almaqla mənə təzyiq göstərməyə çalışırlar. Amma belə tədbirlər nəticə verməyəcək. Bu hadisə birinci deyil və sonuncu da olmayacaq. Bircə onu deyə bilərəm ki, bütün bu kimi addımlar heç bir fayda verməyəcək. Ölkə rəhbərliyi bunu artıq başa düşməlidir", - İşxan Saqatelyan qeyd edib.

Maraqlıdır ki, radikal siyasətçi açılan cinayət işinin təfərrüatlarını müzakirə etmək istəməyib. Yeri gəlmişkən, Saqatelyanın iki qardaşı- Nair və Qurgenə qarşı da cinayət işi açılıb. İş artıq məhkəməyə göndərilib. Onlar müqavimət hərəkatının etiraz aksiyaları zamanı vətəndaşlardan birini döyüblər. İşxan Saqatelyanın bacısının əri isə bir müddət öncə Sevan kollecinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.

Saqatelyanın atası iki il öncə də gündəmə gəlmişdi. Məlum olmuşdu ki, 44 günlük müharibə zamanı İşxan Saqatelyanla yanaşı onun atası Vaçik də cəbhə bölgəsinə getməkdən boyun qaçırıb.

Qeyd edək ki, parlamentin "Hayastan" fraksiyasının üzvü olan İşxan Saqatelyan qatı revanşistdir. O, təkcə İrəvan rəhbərliyinə deyil, Azərbaycan əleyhinə də radikal çağırışları ilə seçilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Daşnak   Ermənistan   Cinayət-İşi  





Xəbər lenti