Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazası yaradılacaq

   Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazası yaradılacaq
  05 Avqust 2023    Oxunub:1198
Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazası yaradılacaq.
Nazirlər Kabonetindən AzVision.az -a verilən məlumata görə, Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib.

Toplantıda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti 24 sentyabr 2022-cü il tarixində Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Bu il iyulun 18-də Komissiyanın Əsasnaməsi təsdiq olunub. Əsasnamədə Komissiyanın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili öz əksini tapıb.

İclasda Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı zamanı mümkün qəzaların qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsinə, gələcək risklərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin yerinə yetirilməsinə, xüsusən də bu istiqamətdə aidiyyəti dövlət qurumları arasında operativ və səmərəli məlumat mübadiləsinin aparılmasına, onların fəaliyyətinin əlaqələndirilməsinə, habelə burada səmərəli planlaşdırmanın və koordinasiya işinin təşkilinə böyük ehtiyacın olduğu vurğulanıb. Bütün bunlardan irəli gələrək, Komissiya qarşısında duran vəzifələrin, səmərəli koordinasiyasının təşkili, cari və növbəti illər üzrə onun iş planının hazırlanması, Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazasının (Portalının) yaradılması, ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, mövcud normativ hüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı, habelə görüləcək digər işlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

İclasda həmçinin təşkilati məsələlərə baxılıb, Komissiya Katibliyinin tərkibi təqdim olunub, Komissiyanın fəaliyyət istiqamətlərinə aid sahələr - “Təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi”, “Texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətin əlaqələndirilməsi” və “Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi aktların təhlili və təkmilləşdirilməsi” üzrə mütəxəssislərdən ibarət işçi qrupların tərkibi təsdiq olunmuş və digər məsələlər müzakirə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti