İdman mediamız: “Ölkəmizdə heç vaxt İrəvandakı kimi iyrənc hadisə baş verməyib”
“14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılmasına görə hiddətləndiyimizi bildiririk.
İstər ölkəmizdə, istərsə də xaricdə müxtəlif idman tədbirlərini işıqlandırmaq bizim peşəkar fəaliyyətimizin önəmli hissəsidir. Məlumdur ki, idman yarışları parlaq rekordlar və sağlam rəqabət deməkdir. Qələbə sevinci və məğlubiyyətlə yanaşı, idmanı bu qədər dəyərli edən başqa bir unikal xüsusiyyət də var. İdman hətta bütün digər kommunikasiya vasitələri ilə əlaqə qurmaq mümkün olmadıqda insanların ünsiyyəti üçün unikal fürsət verir. Olimpiadaların mahiyyətində əks olunduğu kimi, idman bütün dünyada sülhün carçısıdır.
Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həssaslığına baxmayaraq, idmançılarımızın iştirakı ilə bağlı hərtərəfli müzakirələrdən sonra Azərbaycan milli komandası İrəvana yollanıb.
Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın Azərbaycana qarşı nifrəti 30 illik işğal ilə nəticələnib. BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmış bu təcavüz nəticəsində Ermənistan torpaqlarımızın 20 faizini xarabalığa və minalanmış ərazilərə çevirib. Biz 2020-ci ildə torpaqlarımızı azad edərək regionda davamlı sülhün bərqərar olması üçün səylər göstəririk. Bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı dəfələrlə verdikləri zəmanətə inanmışdı. İndi göründüyü kimi, bunlar boş vədlər imiş.
Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyil. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxıb. Məhz bunun nəticəsidir ki, hansısa yolla akkreditə olunmuş, tədbir təşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırıb. Onu da xatırladaq ki, elə həmin nifrət səbəbindən bu həftənin əvvəlində əlverişsiz hava şəraitinə görə yolunu azmış və Ermənistanın müvafiq səlahiyyətli qurumları tərəfindən saxlanılan iki silahsız Azərbaycan əsgəri döyülərək alçaldılıb.
Azərbaycan mütəmadi olaraq böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Biz bütün bu yarışları, o cümlədən erməni idmançıların iştirak etdikləri yarışları işıqlandırmışıq. Ölkəmizdə heç vaxt belə iyrənc hadisələr baş verməyib. İdmançıların yarışmaq və əsl idman ruhundan həzz almaq üçün qatıldıqları yarışda iştirak etmələrinə şərait yaratmaq təşkilatçıların üzərinə düşən əsas məsuliyyətli vəzifədir.
Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş vermiş iyrənc hadisəni pisləməyə çağırırıq. Azərbaycanın idman jurnalistləri olaraq auditoriyamıza idman sevinci bəxş edərək öz işimizi görmək imkanının olmasını istəyirik”.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.
AzVision.az
Teqlər: