GDU Bakı 15 saylı Mediasiya Təşkilatı ilə əməkdaşlıq edəcək

GDU Bakı 15 saylı Mediasiya Təşkilatı ilə əməkdaşlıq edəcək
  01 Fevral 2023    Oxunub:1313
Bu gün Gəncə Dövlət Universiteti (GDU) ilə Bakı 15 saylı Mediasiya Təşkilatı arasında görüş keçirilib.
Görüşdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, prorektor Şahin Xurşudov, departament direktoru Vasif Həsənov, universitetin Mediasiya Mərkəzinin müdiri Ruslan Məmmədov və Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev iştirak ediblər.

Tədbirdə mediasiya sahəsində araşdırmaların aparılması məqsədilə müxtəlif statuslu elmi konfransların keçirilməsi, seminar, forum, layihə və sərgilərdə birgə iştirak üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ətraflı şəkildə müzakirə edilib.

Görüşün sonunda Gəncə Dövlət Universiteti ilə Bakı 15 saylı Mediasiya Təşkilatı arasında mediasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalanıb.

Memoranduma əsasən, ölkəmizdə mediasiya ənənələrinin yaranması, dünyanın qabaqcıl mediasiya nailiyyətlərinin yerli sahibkarlığın inkişafına tətbiq edilməsi, bu sahədə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına köməklik göstərilməsi məqsədilə həyata keçirilən elmi və elmi-praktiki konfrans, seminar və forumlarda universitetin elmi heyəti ilə Mediasiya Təşkilatının mütəxəssisləri müvafiq təcrübənin öyrənilməsi və elmi əsaslarının formalaşdırılmasında birlikdə çalışacaqlar.

Həmin memorandum çərçivəsində Mediasiya Təşkilatı universitetin Mediasiya Mərkəzində müvafiq kursu keçən tələbələrin tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının təşkilatın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndirməsi üçün şərait yaradacaq.

Razılaşmaya əsasən, dünyanın tanınmış universitetləri ilə tərəfdaşlıq əsasında rəqabət qabiliyyətli yerli kadrların hazırlanması məqsədilə universitet tələbələri Mediasiya Təşkilatında danışıqlar və mediasiya təcrübəsini öyrənəcək, günlük seminar və təcrübə proqramlarında iştirak edəcəklər.

Görüşün yekununda Universitetin Mediasiya Mərkəzinin müdiri Ruslan Məmmədov Avropa Komissiyasının MEDİATS layihəsi çərçivəsində Gəncə Dövlət Universitetdə yaradılmış Mediasiya Mərkəzininin fəaliyyəti barədə məlumat verdi.


AzVision.az



Teqlər:





Xəbər lenti