Azərbaycanın Karenin təxribatı ilə bağlı şikayəti qəbul olunub

   Azərbaycanın Karenin təxribatı ilə bağlı şikayəti qəbul olunub
  24 Yanvar 2023    Oxunub:1344
Azərbaycan Tennis Federasiyasının (ATF) erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun "Avstraliya Açıq" turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına göndərdiyi məktub qəbul olunub.
AzVision.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Tennis Federasiyasının məktubunda qeyd olunur:

“Beynəlxalq Tennis Federasiyası Karen Xaçanovun “Australian Open” çempionatında keçirdiyi oyunların sonunda oyun meydançasındakı kameraya yazdığı mesajla bağlı şikayətinizi qəbul edib. Beynəlxalq Tennis Federasiyası şikayətinizi “Australian Open” turnirinin təşkilatçısı olan Tennis Australia-ya (Avstraliya Tennisi) yönləndirdi. “Böyük Dəbilqə” Davranış Kodeksinə əsasən, Avstraliya Tennisi və “Böyük Dəbilqə”nin İdarə Heyəti “Australian Open” turniri və tədbirdə iştirak edən oyunçuların davranışı ilə bağlı yurisdiksiyaya malikdir. Onlar “Böyük Dəbilqə” Davranış Kodeksinə zidd hesab oluna bilən hər hansı hərəkəti araşdırmaq üçün müvafiq orqandırlar və istənilən növbəti tədbir planı həmin Davranış Məcəlləsində müəyyən edilmiş prosedurlara uyğun olaraq həyata keçiriləcəkdir".

Azərbaycan Tennis Federasiyası olaraq bildirmək istəyirik ki, Beynəlxalq Tennis Federasiyası qarşıda baş verə biləcək hər hansı təxribatı nəzərində saxlasa da, Xaçanovun bundan əvvəlki əməllərinə görə hansısa tədbirin görülməməsi bizi ciddi narahat edir. Ona görə də, əvvəlki təxribatlara görə erməni əsilli idmançının cəzalandırılması üçün yenidən beynəxalq quruma müraciət ünvanlanacaq.

Xatırladaq ki, Xaçanov ardıcıl 2 oyundan sonra kameranın obyektivinə Qarabağdakı separatçı rejimin təbliği ilə bağlı yazı qeyd edib. Yarışda həmçinin Ermənistanla yanaşı separatçı rejiminin bayrağı açılıb. Qeyd edək ki, bu hadisələrdən sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası müvafiq qurumlara etiraz məktubu ünvanlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti