Braziliya və Argentina vahid valyutaya keçmək qərarına gəliblər

   Braziliya və Argentina vahid valyutaya keçmək qərarına gəliblər
  22 Yanvar 2023    Oxunub:995
Qarşıdakı həftə Braziliya və Argentina vahid valyutanın yaradılması ilə bağlı hazırlıq işlərinə başlandığını elan edəcək. Bu barədə yerli rəsmilərə istinadən Financial Times qəzeti yazır.
Argentina İqtisadiyyat naziri Serxio Massanın sözlərinə görə, yaxın vaxtlarda vahid valyuta üçün zəruri olan parametrlərin öyrənilməsinə başlamaq haqqında qərar veriləcək. Müvafiq addımların yanvarın 22-də Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Argentinaya səfəri zamanı rəsmi şəkildə elan ediləcəyi planlaşdırılır.

Nəşrin məlumatına görə, hər iki dövlətin səlahiyyətliləri ilkin olaraq Braziliyanın sur (“cənub”) adlandırmağı təklif etdiyi yeni valyutanın regionda ticarəti necə stimullaşdıracağına və yerli iqtisadiyyatların dollardan asılılığını azaldacağına diqqət yetirəcək.

Daha sonra digər Latın Amerikası ölkələrinin də layihəyə qoşulmağa dəvət ediləcəyi ehtimal edilir. 2022-ci ilin iyulunda BCS World of Investments fond bazarının eksperti Yevgeni Mironyuk bəyan etdi ki, həddindən artıq inflyasiya Braziliya və Argentina milli valyutalarını əhəmiyyətli devalvasiyaya apara bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti