“Yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycanın dövlət siyasətidir

“Yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycanın dövlət siyasətidir
  18 Yanvar 2023    Oxunub:906
2030-cu ilədək təmiz ətraf mühitə malik “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycanın dövlət siyasətidir.
AzVision.az -ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində “Yaşıl Hidrogen Sammiti”ndə çıxışı zamanı bildirib.

Nazir çıxışında xalis sıfır emissiya iqtisadiyyatlarına qlobal keçiddə mühüm rola məxsus “yaşıl hidrogen” enerji və ekoloji təhlükəsizliyi təmin etməsi baxımından alternativi olmayan enerji vasitəsi kimi dəyərləndirilib.

Enerji keçidi və hidrogenlə bağlı ölkəmizin planları isə dayanıqlı inkişaf üçün davamlı enerji kontekstində diqqətə çatdırılıb. Bildirilib ki, “Yaşıl enerji” ilə bağlı siyasi iradə, 200 QVt-a yaxın bərpa olunan enerji potensialı və etibarlı tərəfdaşlıq mühiti imkan verir ki, Azərbaycan enerji keçidini reallaşdırmaqla bərabər bərpa olunan enerji növlərinin, o cümlədən hidrogenin təchizatçısına çevrilsin. “Masdar”, “ACWA Power”, BP və “Fortescue Future Industries” şirkətləri ilə “yaşıl enerji” və hidrogen üzrə ümumilikdə 22 QVt-dan çox güclərin yaradılması ilə bağlı əməkdaşlıq enerji keçidinə milli və qlobal səviyyədə töhfə verəcək.

Energetika naziri ölkəmizin Avropanın enerji tədarükçüsü kimi gələcək roluna dair fikirlərini də bölüşüb. Bildirilib ki, Azərbaycan Avropanın enerji təchizatını alternativ mənbələrlə şaxələndirən ölkədir. Ölkəmiz Avropa üçün neft, təbii qazdan sonra bərpa olunan enerjinin, hidrogenin potensial mənbəyi qismindədir və onun hidrogenlə bağlı planlarına töhfə verəcək tərəfdaşlarından biridir: “Avropanın qaz təchizatının diversifikasiyasında strateji rol oynayan Cənub Qaz Dəhlizi ilə hazırda qaz tədarükünün artırılması ilə yanaşı hidrogenin də nəqli nəzərdən keçirilir. Hidrogen, ümumən “yaşıl enerji”nin istehsalı və ixracı Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımızın mühüm komponentidir. Bu yaxınlarda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında bərpa olunan enerji və hidrogen üzrə dördtərəfli əməkdaşlığı və “yaşıl enerji” dəhlizinin yaradılmasını nəzərdə tutan strateji tərəfdaşlıq sənədi də Avropa Komissiyasının Prezidentinin iştirakı ilə imzalanıb. Qarşıdakı illərdə Qara dəniz sualtı enerji xətti ilə 3 QVt-lıq “yaşıl enerji”nin və hidrogenin ixracı ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmiz mənbələrlə təminatında mühüm rol oynayan ölkə olacaqdır”.

Sammitdə “yaşıl hidrogen”in qlobal miqyasda inkişafı ilə bağlı gözləntilər, enerji böhranı fonunda istehsal xərclərində dəyişən dinamika və hidrogenin istehsalının rəqabətqabiliyyətli olması üçün zəruri amillərdən bəhs edilib. Qlobal əməkdaşlıq şəratində bu sahəyə investisiya yatırılması, hidrogenin saxlanması, nəqli və son istifadə üçün geniş infrastrukturun, təchizat zəncirlərinin qurulması həlli vacib məsələlər kimi qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti