Çin 3 illik qapanmadan sonra sərhədləri açır

   Çin 3 illik qapanmadan sonra sərhədləri açır
  09 Yanvar 2023    Oxunub:697
Çin hakimiyyəti COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından tətbiq edilən xarici turistlər üçün ölkəyə giriş qadağasını ləğv edib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Çində əcnəbilərin karantində qalmalarına daha ehtiyac qalmayacaq. Onlara yalnız səfərdən 48 saat əvvəl edilən koronavirus üçün mənfi PCR testi lazım olacaq. Çin də əcnəbilərə adi viza və müvəqqəti yaşamaq icazəsi verməyə başlayıb. Çin vətəndaşlarının özləri isə yenidən beynəlxalq pasport ala bilərlər.

Artıq ölkədə Yeni il səyahətlərinin illik mövsümü başlayıb: Ay təqviminə görə Yeni il yanvarın 22-də daxil olacaq. Həmin tarixə qədər Çin vətəndaşları qohumlarını və dostlarını ziyarətə gedirlər.

Koronavirus pandemiyasından əvvəl Çində Yeni il səyahətləri dünyada ən böyük illik miqrasiya hesab olunurdu.

Antikoronavirus məhdudiyyətləri aradan qaldırılsa da ölkənin 1,4 milyard əhalisi üç illik təcriddən sonra bu xəstəliyə qarşı təbii immunitet çatışmazlığı ilə üzləşib. Eyni zamanda, ölkə hakimiyyəti koronavirus statistikasının dərcini dayandırıb.

Xatırladaq ki, Çində pandemiyanın üç ili ərzində rəsmi olaraq 5 mindən bir qədər çox insan COVID-dən ölüb. Digər ölkələrin statistikası ilə müqayisədə bu məlumatlar ağlasığmaz görünür.

Bu arada, Çində xəstəxanaların və krematoriyaların dolu olması barədə xəbərlər daxil olmağa başlayıb. Qonşu ölkələr isə sərhədlərin açılması ilə pandemiyanın yeni dalğasının olacağından ehtiyat edirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti