Almaniyanın maliyyə naziri korrupsiyada şübhəli bilinir

   Almaniyanın maliyyə naziri korrupsiyada şübhəli bilinir
  08 Yanvar 2023    Oxunub:869
Berlin Baş Prokurorluğu Almaniyanın maliyyə naziri və Azad Demokratlar Partiyasının sədri Kristian Lindnerin deputat toxunulmazlığının ləğvi ilə bağlı sorğu vermək imkanını araşdırır. Bu barədə Tagesspiegel yazır.
Nəşrin məlumatına görə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi xidməti vəzifəsindən şəxsi maraqları üçün istifadə etməkdə şübhəli bilərək Lindnerə qarşı istintaqa başlamaq istəyir.

Söhbət nazirin Karlsruedəki özəl bank BBBank ilə mümkün əlaqələrindən gedir. 2022-ci ilin may ayında o, maliyyə qurumunun 100 illik yubileyində etdiyi çıxışın videosunu göndərib. Videoda o bir il əvvəl Berlində fərdi ev almaq üçün eyni bankdan kredit götürdüyünü qeyd etməyib. Bundan əlavə, nazir 2022-ci ilin yayında BBBank-dan daha bir kredit götürüb.

İstintaq bank üçün çəkilmiş video ilə Lindnerin artıq Maliyyə Nazirliyinin rəhbəri vəzifəsində olarkən götürdüyü ikinci krediti arasında əlaqə aşkar edərsə, onun hərəkətləri qanunsuz sayıla bilər. Ola bilsin ki, sonradan istintaq məmura rüşvət verməkdə şübhəli bilinərək bankın özünə qarşı yönəlsin.

Dekabrda Polşanın baş naziri Mateuş Moravietski Avropa Parlamentini korrupsiyaya görə qınamışdı. O, AP-də “böyük oyunbazlığın” hökm sürdüyünü vurğulamışdı və qurumu özünü qaydaya salmağa çağırmışdı.

Qeyd edək ki, dekabrın 9-da Avropa Parlamentinin Yunanıstandan olan sədr müavini Eva Kaili 2022-ci ildə DÇ-22 ilə bağlı korrupsiya faktına görə saxlanılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti