Boyat yeməklər insan orqanizmində fəsadlar yarada bilər
Hətta düzgün şəraitdə saxlanılsa da, termiki emal olunmuş qidaların tərkibindəki bitki və ya heyvan mənşəli qida maddələrinin parçalanma prosesi başlayır. Nəticədə isə əvvəlcədən toksiki olmayan maddələr zəhərli maddələrə çevrilir. Bu tip qidaların dadında dəyişiklik isə yalnız onların tərkibinin çox hissəsi korlandıqdan sonra aydın hiss olunur. Ümumiyyətlə, yumurta, balıq, ət, toyuq, göbələk və digər riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq açıq şəraitdə qalmamalıdır. Əgər həmin qidalar soyuducuya qoyulmadan otaq temperaturunda və açıq şəkildə qalırsa, yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur.
Əvvəlki gündən qalmış xörəklərdən istifadə istehlakçılar üçün çox vaxt əlverişli ola bilər. Ancaq unutmaq olmaz ki, bəzi xörəklər yenidən qızdırıldıqda insan sağlamlığı üçün təhlükəli olur. Xüsusilə də saxlanma şəraiti düzgün olmayanda xörəklərin qalıqları bir çox mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə çevrilir. Belə ki, soyuducuya yerləşdirilməzdən əvvəl bişirilmiş xörəklər otaq istiliyinə qədər soyudulmalıdır. İsti halda soyuducuya qoyulmuş qidalar rütubətin artmasına səbəb olduğundan onların tərkibində zərərli bakteriyaların çoxalması sürətlənir. Təzə bişmiş yeməklərdən fərqli olaraq, soyuducudan çıxmış yeməyi qızdırdığımız zaman dadında hiss etdiyimiz dəyişikliyin səbəbi məhz elə həmin mikroorqanizmlərdir. Bundan başqa, qidalar soyuducuda çarpaz çirklənməyə də məruz qala bilir. Bəzi qidalar nə qədər çox saxlanılsa, tərkibində mövcud olan allergen xüsusiyyətli histaminin miqdarı bir o qədər artmış olur. Tərkibində histaminin çox olduğu qidaların istehlakı isə başağrısı, nəfəsalma və həzm sistemi problemləri, eləcə də qaşıntı kimi simptomların əmələ gəlməsinə səbəb olur. Ona görə də boyat olmaması üçün yeməkləri mütləq qədərində hazırlamaq lazımdır. Həmçinin bişirilmə tarixini bilinməyən yeməklərdən istifadə olunmamalıdır, çünki bəzi yeməklər daha tez xarab olur. Məsələn, bir müddət saxlanıldıqda keyfiyyəti dəyişən qidalar arasında yumurta istifadə edilərək hazırlanan məhsullar (mayonez və s.) var. El arasında belə bir fikir də var ki, “boyat plov daha dadlıdır”. Lakin boyat plovun yenidən isidilərək istehlak edilməsi də sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə də onun tərkibindəki “Bacillus cereus” bakteriyalarının sağ qalma ehtimalı yüksək olur. Plov düzgün bişirilmədikdə və ya saxlanılmadıqda həmin bakteriyanın inkişafına əlverişli şərait yaranmış olur. İnkişaf edən bakteriyalar tərəfindən sintez olunan toksinlər nəticədə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə səbəb olur. Yeri gəlmişkən, əksər hallarda qoxulamaq və ya dadmaqla yeməklərin xarab olub-olmadığını müəyyənləşdirməyə çalışırlar. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın qoxusunu və dadını korlamadan da çoxala bilir. Dəniz məhsulları, süd və süd məhsulları, tortlar və şirniyyatlar da qida zəhərlənməsinə səbəb olan mikroorqanizmlər və onların toksinlərinin daşıyıcısı sayılır. Ona görə də həmin qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır.
Həmçinin bəzi qidaların isidilərək yenidən istehlakı tövsiyə olunmur. Məsələn, toyuq əti ya təzə bişmiş, ya da soyuq halda istehlak edilməlidir. Toyuqdan hazırlanmış yeməklərin yenidən isidilməsi zülal tərkibinin dəyişilməsinə səbəb olur və nəticədə həzm prosesinin pozuntusuna aparıb çıxarır. Yumurta qaynadıldıqdan və ya müxtəlif üsullarla bişirildikdən sonra yenidən isidilərsə, qida zəhərlənməsi ilə nəticələnə bilər. Xüsusilə də tərkibində yumurta olan bir sıra sousların və ya yumurta ilə ədviyyatlı yeməklərin yenidən qızdırılması tövsiyə olunmur. Göbələklər bişirildikdən sonra yenidən qızdırıldıqda qida dəyərini itirir və həzm sistemində problemlər yaradır. Göbələk bişəndən sonra soyuq şəkildə də istehlak edilə bilər. Kartof da təzə bişmiş halda istehlak edilməlidir. Bişmiş kartof otaq temperaturunda uzun müddət saxlanıldıqda botulizm xəstəliyinə səbəb ola bilər. İspanaq bişdikdən sonra dərhal istehlak edilməlidir, çünki onun yenidən isidilməsi zamanı ispanağın becərilməsində istifadə olunmuş nitrat qalıqları daha zəhərli maddə olan nitritlərə çevrilir. Xüsusilə də uşaqlara ispanaqdan hazırlanmış yeməklər verilərkən daha diqqətli olmaq lazımdır. Çuğundur və kərəvizin də bişirildikdən dərhal sonra istehlak edilməsi tövsiyə olunur.
Boyat qidalar kimi, boyat çayın da orqanizmə ziyanı var, çünki dəmlənmiş köhnə çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur. Dəmləndikdən sonra uzun müddət saxlanılmış çayın tərkibində bakteriya və göbələklər inkişaf edir. Bu da mədə turşuluğunun dəyişməsinə və ürək problemlərinə səbəb olur. Həmçinin boyat çayın istehlak edilməsi orqanizmdə su mübadiləsinə mənfi təsir edir və bu da bağırsaqların funksiyasının pozulmasına və qəbizliyə aparıb çıxarır. Boyat çayın zərərlərindən biri də orqanizmdə dəmirin mənimsənilməsinin azalmasına səbəb olmasıdır. Bu, orqanizmdə qanazlığı və qanazlığı ilə əlaqədar digər xəstəliklərin yaranmasına aparıb çıxarır. Boyat çayın yenidən qaynadılması tərkibindəki antioksidantların məhvinə səbəb olur.
AzVision.az
Teqlər: Yemək