Korotçenko : "Ermənilər qızılın qanunsuz hasilatından on milyonlarla dollar qazanırdı"
![Korotçenko : "Ermənilər qızılın qanunsuz hasilatından on milyonlarla dollar qazanırdı" Korotçenko : "Ermənilər qızılın qanunsuz hasilatından on milyonlarla dollar qazanırdı"](https://azvision.az/photos/2022/12/16718618134635718614_1200x630-1671863314.jpg)
Ekspert xatırladıb ki, aksiya iştirakçıları “Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisinin hələlik qondarma “DQR”in separatçı rejiminin nəzarətində olan hissəsində qızılın qanunsuz çıxarılması faktlarına diqqəti cəlb etmək istəyirlər”.
O deyib: “Bu proses Azərbaycanın faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismar edilməsi ilə yanaşı, ətraf mühitə ciddi ziyan vurulması və genişmiqyaslı ekoloji pozuntularla müşayiət olunur. Əslində, Azərbaycan ekoloqlarının keçirdiyi aksiyanın əsas səbəbi məhz Ermənistan şirkətlərinin vəhşicəsinə istismar etdiyi yataqların monitorinqinin keçirilməsi tələbləri olub. Etirazçılar geniş ictimaiyyətin diqqətini bu problemə cəlb etməyə çalışıblar”.
İ.Korotçenko göstərib ki, Laçın dəhlizi humanitar yüklərin daşınması, təcili yardım maşınları, habelə Rusiya sülhməramlılar kontingentinin nəqliyyatı üçün açıqdır.
Ekspert yazır: “Baş verən hadisələrə İrəvanın və Qarabağdakı separatçıların hədsiz əsəbi reaksiyasının səbəbi aydın və izah edilə biləndir: qızılın qanunsuz hasilatından on milyonlarla dollar gəlir əldə edilir. Bu mütəşəkkil transmilli cinayətkar qruplaşmanın bütün iştirakçıları hər gün külli məbləğdə pul itirir. Ona görə də yüzlərlə lobbiçi və media-resurslar az qala “tam mühasirə” barədə təbliğat hay-küyü qaldırmaq üçün canfəşanlıq edir. Təbliğat tamaşalarında hətta uşaqlardan da istifadə edirlər”.
İ.Korotçenko vurğulayıb ki, Ermənistanın hakimiyyət orqanları üçtərəfli Bəyanat və sonrakı dövrdə əldə edilmiş bütün razılaşmalar üzrə öhdəliklərini yerinə yetirmir, Rusiya-Azərbaycan münasibətlərinə xələl vurmağa çalışırlar.
İ.Korotçenko sonda yazır: “Bu, yəqin ki, baş tutmayacaq. Prezidentlər Vladimir Putin və İlham Əliyev illər boyu uğurlu qarşılıqlı fəaliyyət göstəriblər. Onların arasında etimad, tərəfdaşlıq və qarşılıqlı hörmət münasibətləri mövcuddur. Bu isə o deməkdir ki, Rusiya və Azərbaycan istənilən halda xalqlarımızın daha yaxşı gələcəyi naminə uğurla irəliləmək üçün ortaq fikrə və birgə qərara gələ biləcəklər”.
AzVision.az
Teqlər: Korotçenko Qızıl Aksiya