![]() |
Britaniya Ukraynaya qoşun göndərir - "The Telegraph" |
“Avropa öz rolunu oynamalıdır və mən uzunmüddətli sülh sazişi əldə olunacağı təqdirdə digərləri ilə birlikdə Britaniya qüvvələrinin Ukraynada yerləşdirilməsini nəzərdən keçirməyə hazıram. Lakin bu məsələdə ABŞ-nin də dəstəyi olmalıdır. Çünki ABŞ-nin təhlükəsizlik zəmanəti Rusiyanın yenidən Ukraynaya hücumundan effektiv şəkildə çəkindirməyin yeganə yoludur”, - Starmer jurnalistlərə deyib.
O, Ukraynadakı Avropa sülhməramlı qüvvələrinin müdafiəyə, xüsusən də yalnız ABŞ-nin təmin edə biləcəyi hava təhlükəsizliyinə ehtiyac duyacağını vurğulayıb.
Qeyd edək ki, Starmer bir müddət öncə “The Telegraph” qəzeti üçün yazdığı məqalədə də sülhməramlı məsələsinə toxunmuşdu. O, qeyd edib ki, ölkəsi lazım gələcəyi təqdirdə Ukraynaya qoşun göndərməyə hazırdır. Qoşun yeritməkdə yeganə məqsəd isə Kiyevin təhlükəsizlik zəmanətlərini təmin etməkdir. Starmer Britaniya hərbçiləri üçün yaranacaq risklər ilə bağlı məsuliyyəti dərk etdiyini də yazıb. Bununla belə, Ukraynaya məlum formada hərbi dəstək nəinki Britaniyanın, ümumilikdə Avropanın təhlükəsizliyini təmin edəcək.
"The Telegraph" nəşrində ötən ay da oxşar məqalə dərc olunmuşdu. Müəllif qeyd edib ki, Keir Starmer və Fransa prezidenti Emmanuel Makron müharibəyə son qoyacaq potensial razılaşmadan sonra hərbi kontingentin Ukraynaya göndərilməsi ideyasını nəzərdən keçirirlər. Kontingent Ukraynaya sülhməramlı missiya adı altında göndəriləcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az