Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir |
Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Bakı Limanı Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edir, regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır.
Bəs Xəzərin çəkilməsi fonunda limanın gələcək fəaliyyətində çətinliklərin yaranmaması üçün hansı addımlar atılır?
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli Azvision.az-a bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yaranan vəziyyət Bakı Limanın fəaliyyətinə təsir etmir: “Çünkü Xəzərin ən müasir və dərin limanlarından biri olan Bakı Limanının hövzəsində hazırkı dərinlik dənizdə üzən və ən çox quru yük götürən gəmilərinin suda hərəkətinə tam uyğundur. Hazırda ən böyük gəmilərin belə limana daxil olub və tərk etməsində heç bir maneə yoxdur. Onu qeyd edim ki, Bakı Limanında ən müasir qurğular vasitəsi ilə suyun dərinliyi mütəmadi olaraq ölçülür və müvafiq işlər görülür”.
E.Həbibli bildirib ki, gələcəkdə suyun səviyyəsinin azalması hər hansı bir problemə səbəb olacağı təqdirdə dib dərinləşdirmə işi görülə bilər, lakin belə bir problem hazırda mövcud deyil.
Aytən Zəhra Bağırzadə
AzVision.az