Banklar istehlak kreditlərini niyə dondurdu? - TƏHLİL

Banklar istehlak kreditlərini niyə dondurdu? - TƏHLİL
  11 Fevral 2014    Oxunub:1604
“2013-cü ili krediti bumu ilə başa vuran bank sektoru yeni ilin ilk aylarının soyuğuna tab gətirə bilmədi: kommersiya bankları, demək olar, bütün istiqamətlər üzrə fərdi kredit xəttlərini dondurdular”. AzVision.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov “Bank sektorunda nələr baş verir?” adlı yazısında bildirib.

O, bildirib ki, Mərkəzi Bank (MB) nikbin görünsə də, kommersiya banklarının görüntüsü bəlli deyil. V.Bayramovun sözlərinə görə, bəzi banklar kreditlərin verilməsinin məhdudlaşdırılmasından sonra hətta öz filallarının bağlanması barədə də qərar qəbul ediblər: “Təbii ki, vəziyyəti qiymətləndirmək çətin deyil: 15,0 milyard manata yaxın kredit qoyluşları 20,4 milyard manatlıq bank aktivlərin 73,5 faizini təşkil edir və deməli kreditləşmənin məhdudlaşdırılması eyni zamanda bank fəaliyyətinin limitləşdirilməsi deməkdir. Kütləvi kredit təkilf etməyən və ya edə bilməyən banklar, praktik olaraq, əsas fəaliyyətlərini həyata keçirə və deməli, ciddi gəlir əldə edə bilmirlər. Mövcud status-kov pozulmasa qısa müddətdən sonra riteyl bankçılıq ilə məşğul olan banklar ciddi ziyanla üzləşəcəklər.

Əslində son məhdudlaşdırıcı addımadək kredit faizləri ilə bağlı vəziyyət yaxşı olmaması bəlli idi: Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdirlər: Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də bank faizlərində azalma yox idi. Kommersiya banklarının təklif etdikləri kredit faizləri 16-30 faiz intervalında dəyişirdi: baxmayaraq ki, depozitlər üzrə orta faiz dərəcəsi isə son bir ildə 16 faizdən 8 faizə düşmüşdü. Amma, MB-nin son məhdudlaşdırıcı tədbirlərinin kökündə kredit faizlərinin əsas faktor olmadığı mübahisə edilmir. Sözügedən bank əslində son addımları ilə bu sektorda yeni bir şəkil cızmağa çalışır.



Təbii ki, sual yaranır: bank sektorunda nələr baş verir? Niyə, eyni gündə və bəlkə də eyni saatda bütün banklar istehlak kreditlərinin mədudlaşdırılması ilə bağlı qərar qəbul etdilər?

Əvvəlla, kredit qoyluşlarının məhdudlaşdırılması MB-nin 2014-cü il üçün nəzərdə tutulan inflyasiya ilə bağlı hədəflərinə çatmaq üçün etdiyi güman edilir. Doğrudur, MB kommersiya banklarına kütləvi kreditləşmənin məhdudlaşdırılmaması ilə bağlı göstəriş vermədiyini qeyd edir. Əslində mövcud qanunvericilk də MB-ə belə səlahiyyət vermir. Amma aydındır ki, baş bankda istənilən tövsiyə kommersiya bankları üçün heç bir halda qərardan az təsirli deyil.

“Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında” xüsusi olaraq qeyd edilir ki, “2014-cü ildə qiymət sabitliyinin qorunmasına dəstək vermək üçün Mərkəzi Bank sərəncamında olan alətlərdən istifadə edərək zəruri anti-inflyasiya tədbirlərini həyata keçirəcəkdir. Anti-inflyasiya siyasəti yürüdülərkən inflyasiyanın tələb və xərc amilləri diqqətdə saxlanacaqdır. Pul siyasətinin makroiqtisadi siyasətlə koordinasiyası çərçivəsinin daha da inkişaf etməsi, monetar idarəetmənin empiric əsaslarının gücləndirilməsinə xüsusi diqqət veriləcəkdir”. Deməli, ötən ilki “istehlak krediti bumun”dan ehtiyatlanan MB artıq 2013-cü ilin sonlarında inzibati alətlərdən istifadə edilməsini nəzərdə tuturdu.

Ötən ilin dekabrında enerji daşıyıcılarının qiymətlərinin artırılması iqtisadi baxımdan özünü bu ilin fevral və mart ayında yerli istehsal olunan digər məhsulların qiymətində göstərməli idi. Bu baxımdan, bir tərəfdən tənzimlənən qiymətlərdəki artım, digər yandan isə istehlak kreditlərininin kütləviləşdirilməsi hesabına pul dövriyyəsinin şişməsi MB-nin əsas hədəfində çatmaqda problem ilə üz-üzə qoyub. 2014-cü ildə bir rəqəmli infilyasiyaya nail olmaq MB üçün eyni zamanda bu bankın İdarə heyətindəki tarazlığı qorumaq baxımdan da əhəmiyyətlidir. İstehlak kreditləşməsindəki kütləvi artım inflyasiyanı bir rəqəmli səviyyədə saxlamaq ilə bağlı hədəflərə nail olmaği sual altına alır.

Digər tərəfdən, pul dövriyyəsinin şişməsi də müşahidə edilir. Bu isə infilyasının tənzimlənməsi imkanlarını xeyli məhdudlaşdırır. Belə ki, pul kütləsinin həcmi (M2 pul aqreqatı) 2012-ci ilin sonunda 13, 8 milyard manat olmuşdursa bu rəqəm ötən il ərzindən 16,0 faizdən çox artaraq 16,4 milyard manatadək yüksəlib. Banklardan kənarda nağd pul (M0 pul aqriqatı) 2013-cü ilin yekununda 10,6 milyard manata çatıb. 2012-ci ildə M0 pul aqriqatının 9,3 milyard manat olduğunu nəzərə alsaq ötən il ərzində 13,0 faizə yaxın artımın olduğu aydınlaşır. M2 pul aqreqatının infilyasının proqnozlaşdırılması üçün əsas indicator olduğunu nəzərə alsaq o zaman vəziyyət təsəvvür etmək çətin olmaz. Eyni zamanda, 2013-cü ilin yekunlarına görə, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 93.6 faiz olub. Beləliklə, pul dövriyyəsi ilə bağlı rəsmi rəqəmlər göstərir ki, ötən illərin bumu pul dövriyyəsini tənzimlənməsi məsələsini gündəm gətirməklə yanaşı pul artıqlığı infliyasının ciloblanmasını çətinləşdirib. Bu baxımdan, MB bankların pul təklifini idarə etməklə pul dövriyyəsini tənzimləmək və inflyasiyanı məhdudlaşdırmağa çalışır.

İkincisi, MB istehlak kreditlərinin kütləviləşməsinin bank sektorundakı mövcud tarazlığı pozmasından narahatdır. Belə ki, ötən il bank sisteminin aktivlərində 22%, kredit qoyuluşlarında isə 25% artım olmuşdur. Dövr ərzində regionlara yönəlmiş kreditlərin həcmi 31%, özəl sektora kreditlər isə 25% artmışdır. Bankların kredit portfelində uzunmüddətli kreditlərin xüsusi çəkisi 79%-ə yüksəlmişdir. İstehlak kreditlərinə yüksək tələbat müsahidə olunmuş, istehlak kreditləri 37%-ə yaxın artmışdır.

Praktik olaraq, ötən ilinin yekunlarını qiymətləndirən MB öz pul kredit siyasətində də istehlak kreditləşməsinin tənzimlənməsini hətra dolayı deyil birbaşa hədəfləyirdi. MB öz siyasətində qeyd edirdi ki, “Bank sekorunda artımın keyfiyyət parametrləri izlənəcək və sektorial diversifikasiya ümumi iqtisadiyyatın inkişaf trayektoriyasına uyğunlaşdırılacaqdır. Bu çərçivədə ayrı-ayrı kredit məhsullarının, o cümlədən istehlak kreditlərinin artım dinamikasının risk təhlillərinə xüsusi önəm veriləcək. İstehlak kreditləri üzrə risklərin preventiv tənzimlənməsi mühüm prioritet olacaqdır. Ümumən, bankların kredit aktivliyinin iqtisadi tsikldə optimal rolunun təmin olunması daim qiymətləndiriləcək.

Formalaşmış kredit portfelinin keyfiyyətinin qorunması və yaxşılaşdırılması məqsədilə tədbirlər gücləndiriləcəkdir. İtehlak kreditləri üzrə yüksək “leverecləşmə”nin qarşısının alınması məqsədilə əhalinin ödəniş qabiliyyəti və istehlak kreditləşməsi arasında tarazlığın qorunması üçün yeni tənzimləmə tələbləri müəyyənləşdiriləcəkdir. Kreditləşmədə “borcun gəlirə” nisbəti əmsalı tətbiq ediləcək və Mərkəzi Bank tərəfindən bu əmsal üzrə maksimum hədd müəyyən ediləcəkdir”. Əslində, MB rəsmi pul-kredit siyasətində elan olunan hədəflərini reallaşdırmağa çalışır: kredit təklifi məhdudlaşdırılır, sərt qaydalar müəyyənləşdirlir və riteyl müştərilərin sayı azaldılır.

Banklar tərəfindən verilən 14,9 milyard manatlıq kreditin 38,6 faizini istehlak kreditləri təşkil edir. Hazırda hər 1000 manatlıq kreditin 400 manatı istehlak kreditinin payına düşür. Bu baxımdan Mərkəzi Bank arayışsız verilən istehlak kreditlərin verilməməsini tövsiyə edir. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə istehlak krediti ümumi kreditin 20%-dən çoxunu təşkil etmir. Bu baxımdan ölkədəki göstəricilər kifayət qədər böyük göstəricilərdir. Nəzərə alsaq ki, 1,7 milyon Azərbaycan vətəndaşı banklardan kredit götürüb, bu kifayət qədər böyük göstəricidir. Bankların pramida prinsipi ilə istehlak kreditləri paylaması nəzərə aldıqda əslində istehlak kreditləşməsinin bu templə davam etməsi nəticədə riteyl banklar üçün yeni böhran mərhələsinin əsasını qoya bilərdi.

Üçüncüsü, MB kommersiya banklarına istehlak kreditləşməsinin məhdudlaşdırılması tövsiyəsini verməklə onları biznes kreditlərinin həcminin artırmağa çağırıb. MB “Banklarda kreditlərinin verilməsi qaydaları” 2008-ci ildə qəbul edilmiş və 2010-cu ildə dəyişikliklər edilən sənədə əsasan kommersiya banklarına gəlirliyi olmayan müştərilərə kreditlərinin verilməsini qadağan edir. Bu qaydanın mövcud qanunvericiliyi nə dərəcədə zidd olub-olmaması problemin başqa tərəfidir, məsələ ondadır ki, MB bu qaydaya əsaslanaraq bankları biznes kreditlərinin verilməsinə istiqamətləndirə bilir.

Problemi kreditlərinin həcmində müşahidə edilən artımlar da MB-ə məhz bu vastədən istifadə imkanları verir. Yenə də 2014-ci il üçün təsdiq edilən pul-kredit siyasətinə diqqət yetirəndə bəlli olur ki, bu da MB-nin əsas hədəflərindən olub. Sənəddə qeyd edilir ki, “bazel-3 standartlarının yerli şəraitə adaptasiyası təmin ediləcək, “kontr-tsiklik bank nəzarəti” çərçivəsinin formalaşması davam etdiriləcəkdir. Maliyyə dərinliyinin artırılmasına yönəlmiş siyasət çərçivəsində bankların biznes modelinin yeni strateji inkişaf hədəflərinə uyğunlaşdırılması, faiz dərəcələrinin azalmasının təşviqi həyata keçiriləcək”.

Biznes kreditlərinin artırılmasına nail olmaqla MB həm “istehlak böhranından” qaçmağa çalışır, həm də kredit faizlərini tənzimləməyə ümid edir. Başqa tərəfdən, 2013-cü ilin yekunlarına görə, kommersiya bankları sənaye və istehsal sektoruna 1,52 milyard manat cəmi ümumi kredit portfelinin cəmi 9.8 faiz, kənd təsərrüfatına isə 733.3 milyon manat, ümumi portfelin 4.8 faiz kredit verib. Əslində, rəqəmlər də göstərir ki, kommersiya bankları ötən illər biznesin maliyyələşdirilməsində heç də maraqlı olmayıblar. İndiki halda, biznes kreditlərinin istehlak kreditləri ilə müqayisədə daha aşağı fazilə təklif olunması MB-ə bank kreditlərinin faiz dərəcələrinin aşağı salınması təssüratı yatarmağa imkan verəcək. Əlbəttə, MB indiyədək kredit faizlərinin yüksək olmasını “bazar faktoru” ilə əlaqələndirirdi.

Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini yaratmırdı. İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 50 faizə yaxın olur. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardan biridir. Təəssüf ki, bu indiki halda yüksük bank faizlərinin formalaşması ilə ifadə edilir. Amma razılaşmaq lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən banklarda faiz siyasəti mərkəzləşdirilmiş idarə olunur: Bu da faizlərin aşağı düşməsinə şərait yaratmır.

Kredit faizlərinin yüksək olması həm də bəzi bankların qısa müddətdə gəlir əldə etmək istəyi ilə bağlı idi. Əslində, sözügedən bank artıq bazar faktorunu kənarda saxlayaraq inzibati metodlardan istifadə etməyə çalışır. MB bununla da həm Milli Məclisdə onlara ünvanlanan tənqidlərə ara verə bilər, həm də portfel faizlərinin aşağı düşməsinə nail ola bilər. Beləliklə, bank sektorunda mövsümü olsa da struktur dəyişiklikləri aparmağa çalışan MB hədəfində istehlak kreditlərinin biznesləşdirməkdir.

Dördüncüsü, MB vaxt keçmiş kreditlərinin həcminin kəskin artmasından ehtiyatlanaraq prosesi tənzimləməyə çalışır. Sözügeden bankın rəsmi məlumatına görə, 2013-cü ildə vaxtı keçmiş kreditlər 792.8 milyo manat və ya portfelin payı 5.1 faizini təşkil edir. Əslində, vəziyyət ürəkaçan deyil: problemli kreditlərinin həcmi artır və bu da bank sektorunda yeni defolt təhlükəsi yarada bilər. Aydındır ki, vaxtı keçmiş kreditlərinin həcminin artması son 2 ildə istehlak kreditləşməsində müşahidə edilən bumu ilə əlaqədar idi. Təbii ki, çayxanalarda öz plastik kartlarını paylayan bir sıra kommersiya banklarının müəyyən müddətdən sonra “vaxtı keçmiş kredit” problemi ilə üz-üzə qalması heç də təəccüblü deyildi. Qısa müddətli istehlak kreditlərinin orta müddətli biznes kreditləri ilə əvəz olunması MB-ə problemli kreditlər məsələsini bir müddət arxa plana keçirmək imkanı verəcək.

Beşincisi, kreditlərinin məhdudlaşdırılması eyni zamanda korporativ maraqlar ilə əlaqələndirilə bilər. Bu riteyl bankçılıqda mövcud oyunçuların yeni oyunçular ilə əvəzlənməsinə gətirib çıxar bilər. Bununla da, “ərköyün oyuçular” meydançadan sıxışdırılib çıxarıla bilər.

Altıncısı, inzibati metodlardan istifadə etməklə MB ilin sonunadək “axsayan banklar” problemini həll etməyə çalışır. Kommersiya banklarının 2013-cü ilin sonunadək öz minimum nizamnamə kapitallarının 10 milyon manatda 50 milyon manatadək artırılması tələbi 1 il müddətinə uzadıldı. Ötən 2 ildə problemli bankların birləşdirilməsi və ya statusların dəyişdirilməsi məsələsini həll edə bilməyən MB 2014-cü ildə bu məsələyə nöqtə qoymağa çalışır. “Sərt qaydalar ilə oyun” MB-ə imkan verəcək ki, sözügedən bankları “üzüyola banklara” çevirə bilsin.

Beləliklə, bank sektorunda yeni bir mərhələnin əsası qoyulur. Əslində, MB təklifin məhdudlaşdırılması deyil real kredit faizlərinin yüksəlmsində əhəmiyyətli təsirə malik olan komision haqqlarının tənzimlənməsini və haqqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, komision haqqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Bəzi kommersiya bankları hətta 10-12 faizlik komision haqqları təklif edirlər.

Bankların”faizi tələsi” əslində çox sadədir: banklar faizi elan edirlər, amma komission haqqlarının faizini bildirmirlər. Eyni zamanda, MB bank sektorunda liberallaşmanı sürətləndirlməlidir. Bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur. Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Praktik olaraq, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir. Eyni zamanda, kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanları genişləndirilməlidir.

Mərkəzi Bankın 4,75 faizlik uçot stavkası kommersiya kreditlərinin faiz dərəcəsind 4 dəfə azdir. Bu isə iqtisadi baximndan anormal balansdır. MB-nin mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 7 faizini təşkil edir. Bu da banklarin vəsaitlərin 93 faizini kənardan cəlb etmələri deməkdir. Bu baxımdan, kənar mənbələrin sayının çox olması cəlb edilən kredit resurslarının bahalı olmasına səbəb olur ki, son nəticədə kredit faizləri yüksəlir. Nəzərə alsaq ki, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır o zaman bunun əhəmiyyəti daha da artır.

Beynəlxaql kredit reytinqinin yüksək olmaması bankalara birbaşa kredit resurslarına müraciət etmək şəraitini yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərinin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır. Buna görə də, “ucuz resurslar” ilə MB bankların kredit xərclərinin azalmasına və faiz dərəcələrinin aşağı düşməsinə nail ola bilər. Depozitlərin sığortalanan faiz dərəclərinin mərhələli azaldılması davam etməlidir. Depozit faizlərinin yüksək olması kredit faizlərinin də artmasına gətirib çıxarır. Depozit faizlərinin azalmasına nail olmaq “2 faiz arasındakı” əlaqənin bərpasına nail olmaq lazımdır.

Hələlik, nəinki müştəriləri, hətta kommersiya banklarını da bir sual düşündürür: kütləvi kreditləşmə nə zaman bərpa ediləcək?


Teqlər:  





Xəbər lenti