1 il ötdü - İlk peykimizdən nə qazandıq?

1 il ötdü - İlk peykimizdən nə qazandıq?
  08 Fevral 2014    Oxunub:1533
Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspce-1”in orbitə buraxılmasından 1 il ötür.
AzVision.az xəbər verir ki, ilk milli peykimiz ötən ilin bu günü Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə orbitə buraxılıb.

Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunan peykin ümumi qiyməti 203 milyon dollar, yəni 163 milyon manat təşkil edib.

"Azerspace/Africasat1a"-nın xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir. Milli peykin olması keyfiyyətli və etibarlı rabitə əlaqəsi yaratmağa, "VSATmultiservis" şəbəkələrinin yaradılmasını təmin etməyə, rəqəmsal teleradioyayım xidmətlərini və internet şəbəkəsinə çıxışı təqdim etməyə, həmçinin informasiya təhlükəsizliyini təmin etməyə və vahid informasiya məkanı formalaşdırmağa imkan verir.

Azərbaycan peykinin istismarından əldə edilən gəlirin 420 milyon dollar civarında olacağı proqnozlaşdırılır. Belə ki, peykinin orbitə buraxılması ilə qarşıdakı 15 il ərzində 650 milyon dollar gəlir əldə ediləcək. Rəsmi statistikaya əsasən, ötən ilin 8 ayının yekunu üzrə I peyk proqramından əldə olunan gəlirlər 10 milyon dollar təşkil edib. "Azərkosmos" ASC peykin 50 faizdən çox resursunu reallaşdırıb. Peykin köməyi ilə 70-dən artıq televiziya və radiokanal yayımlanır.

Azərbaycanın gələcək planlarına ikinci süni telekommunikasiya peyki olan «Azerspace-2»-nin orbitə 30 aydan sonra buraxılacağı deyilir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın ilk süni peyki “Azerspace-1”in üç ay gec kommersiya fəaliyyətinə başlamasına baxmayaraq ötən ilin altı ay ərzində 10 milyon ABŞ dolları həcmində gəlir gətirib. Əldə olunan gəlirlərin təxminən 95 faizi ixrac resursları ilə, yəni, xarici ölkələrdən əldə olunan gəlirlər hesabına qazanılıb. Əldə olunan bu vəsaitin və Maliyyə Nazirliyinin yeddi milyon dollar köməyi ilə peykin ABŞ-ın “Eximbank”ına olan kredit borcları tam ödənilib. Cari ildə “Azerspace-1” peyki əldə olunan gəlirlər vasitəsilə peykin kredit borclarını özü ödəyə biləcəkdir. Gələn ildən isə peykin kommersiya fəaliyyətindən qazanılan gəlirlər sırf mənfəət olacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti