`Qaz hasilatı 29,5 milyard kubmetrə çatıb`

  06 Fevral 2014    Oxunub : 496
 `Qaz hasilatı 29,5 milyard kubmetrə çatıb`
Rövnəq Abdullayev: “Geniş layihələrin vaxtında icrası Azərbaycanın qaz hasilatını 29,5 milyard kubmetrə çatdırmağa imkan verib”.

Geniş investisiya tutumlu layihələrin vaxtında icra olunması Azərbaycanın qaz hasilatını 29,5 milyard kubmetrə çatdırmağa imkan verib. AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı deyib.

Şirkətin prezidenti qeyd edib: "Zati-alinizin müdrik rəhbərliyi altında dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və dinamik iqtisadi inkişafa nail olan Azərbaycan dünya iqtisadiyyatındakı mürəkkəb problemlər fonunda böyük inamla irəliləyir. Ulu öndər Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyasının məharətlə davam etdirməyiniz, gərgin əməyiniz sayəsində ölkəmizdə, sözün əsl mənasında, sıçrayışlı sosial-iqtisadi yüksəliş əldə olunmuşdur. Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, ölkəmiz qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib".

Onun sözlərinə görə, 2006-cı ildən etibarən "Şahdəniz" layihəsi üzrə aparılmış işlər nəticəsində ölkəmiz beynəlxalq bazarda özünü yeni alternativ təbii qaz mənbəyi təchizatçısı kimi təqdim etmişdir: "Ötən ilin sonlarında "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması Zati-alinizin rəhbərliyi altında beş ildən artıq bir müddətdə aparılmış gərgin fəaliyyətin uğurlu nəticəsidir. Bu hadisə Azərbaycanın inkişafını yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Dövlət Neft Şirkətinin "Şahdəniz 2" layihəsində ən fəal tərəfdaşlardan və ən böyük investorlardan biri olmasını neftçilərimizə göstərdiyiniz böyük etimad kimi qəbul edirik".

R.Abdullayev bildirib ki, 2004-2008-ci və 2009-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşımıza qoyulmuş vəzifələr üzrə görülmüş işlər bu sahədə fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Geniş investisiya tutumlu layihələrin vaxtında icra olunması ölkəmizin qaz hasilatını 2004-cü ildəki 5,5 milyard kubmetrdən 29,5 milyard kubmetrə çatdırmağa imkan vermişdir. Dəniz yataqlarından hasil olunan və əvvəllər atmosferə atılan, şamda yandırılan səmt qazları yığılıb sistemə ötürülmüşdür. Bu, ətraf mühitin qorunması işinə də mühüm töhfə verib.

Dövlət Neft Şirkətinin prezidenti deyib ki, 2013-cü ildə 13,3 milyard kubmetr qaz respublikanın qaz nəqli sisteminə təhvil verilmişdir. İki böyük yatağın - "Ümid" və "Abşeron" qaz yataqlarının kəşf edilməsi Azərbaycanın zəngin potensialının tam və səmərəli istifadə olunması üçün daha böyük perspektivlər açmışdır. "Ümid" yatağının bir neçə gün bundan əvvəl təhvil verilmiş 12 nömrəli kəşfiyyat quyusundan alınan nəticələr yatağın daha böyük ehtiyata malik olduğunu təsdiq etmişdir. "Bulla-dəniz" yatağının ikinci tektonik blokunda yerləşən 90 nömrəli quyunun nəticələri isə göstərmişdir ki, çoxdan istismarda olan yataqların aşağı laylarında məhsuldarlıq perspektivləri yüksəkdir: "Möhtərəm cənab Prezident, Sizin qaz anbarlarının aktiv tutumunun artırılması haqqında tapşırığınızın icrası ilə bağlı məruzə etmək istəyirəm. Əvvəllər qaz anbarlarının tutumu bizə 800 milyon kubmetr qaz saxlamağa imkan verirdi. Görülmüş işlər nəticəsində artıq bu gün anbarların tutumu 8 dəfə artırılaraq 5 milyard kubmetrə çatdırılmışdır. 2013-cü ildə anbarlara 3,5 milyard kubmetr qaz yığmışıq".

O, qeyd edib ki, havaların soyuq keçdiyi günlərdə anbarlardan sistemə gündəlik 25-26 milyon kubmetr qaz verilir ki, bu da "Şahdəniz" yatağından gündəlik hasil olunan qazın həcminə bərabərdir. 2004-cü ildə ölkənin yalnız 49 şəhəri, rayon mərkəzi və bu mərkəzlərə yaxın kənd və qəsəbəsi təbii qazla təmin olunurdu. Ölkə üzrə qazlaşma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdi. Bu gün respublikanın bütün rayon mərkəzlərində, hətta sovet dövründə qazlaşdırılmayan 663 qəsəbə və kənddə qazlaşdırma işlər tam başa çatdırılıb.

ARDNŞ prezidenti bildirib ki, 2013-cü ildə qazlaşma səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılmışdır. Ölkə üzrə real qazla əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunmuşdur. Qazlaşdırılma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunmuş, 41 qazpaylayıcı stansiya yenidən qurulmuş, ölçü qovşaqları istismara verilmiş və təmir edilmiş, ən müasir qurğularla təchiz olunmuşdur: "Möhtərəm cənab Prezident, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının qaz təminatının bərpa edilməsi haqqında Sizin tapşırığınıza əsasən, 2005-ci ildən təbii qazın verilməsi başlanmışdır. Artıq Naxçıvan Muxtar Respublikasının tam qazlaşdırılması başa çatdırılmışdır. Naxçıvana alternativ qaz kəmərinin çəkilməsi imkanları araşdırılır. Nehrəm duz yatağının bazasında isə qaz anbarının yaradılması işləri davam etdirilir".

R.Abdullayev vurğulayıb ki, Yeni texnologiyanın tətbiq olunması və magistral kəmərlərdə müasir ölçülü cihazların quraşdırılması, qazın sərfiyyatına məsafədən onlayn rejimdə nəzarət olunması, əhali abonentlərinin sayğaclaşdırılmasının 5 faizdən 100 faizə çatdırılması, o cümlədən 50 faiz smart-kart tipli elektron qaz sayğacı ilə təchiz olunması nəticəsində itkilərin həcminin 25 faizdən 7,4 faizə endirilməsinə nail olunmuşdur. Bu işlər mütəmadi olaraq davam etdirilir: "Möhtərəm cənab Prezident, Sizin əhali abunəçilərinin 2009-cu il oktyabrın 1-ə olan qaza görə debitor borclarının silinməsi ilə bağlı Sərəncamınıza əsasən, əhalinin keçmişdən qalan 327 milyon manatdan artıq borcları dövlət hesabına silinmişdir. Eyni zamanda, Sizin tapşırığınıza əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəlirləri hesabına qaçqın və məcburi köçkünlərin 2010-cu ilədək yaranmış 110 milyon manata yaxın debitor borcları silinmişdir. Həmçinin bu ildən başlayaraq ölkədəki müxtəlif dini konfessiyalara məxsus bütün məscid, kilsə və digər ibadət ocaqlarına təbii qazın pulsuz verilməsi haqqında tapşırığınız yerinə yetirilir".

Onun sözlərinə görə, Dövlət Neft Şirkəti əhaliyə göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsi, abunəçilərlə müqavilələrin yerinə yetirilməsində şəffaflığın artırılması məqsədilə "Azəriqaz" İstehsalat Birliyinin müştəri xidməti fevralın 6-dan "ASAN xidmət" strukturlarında fəaliyyətə başlayacaqdır: "Möhtərəm cənab Prezident, eyni zamanda, məlumat vermək istəyirəm ki, Dövlət Proqramı çərçivəsində şirkətimiz tərəfindən regionlarda geniş həcmli sosial layihələr həyata keçirilmişdir. Ən müasir avadanlıqlarla təchiz olunmuş 16 müalicə-diaqnostika mərkəzi, 14 orta məktəb, 4 Gənclər evi, 7 mədəniyyət və istirahət mərkəzi, 18 istirahət parkı inşa olunmuş, 5 rayonun ərazisində tikinti-quruculuq və abadlıq işləri həyata keçirilib.

Çıxışımın sonunda icazə verin, Sizi əmin edim ki, Azərbaycan neftçiləri qarşıdakı illərdə neft və qaz hasilatının artırılması, ölkə əhalisinin və sənayenin qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində Zati-aliniz tərəfindən qarşıya qoyulmuş vəzifələrin vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün bütün imkanları səfərbər edəcək".

Teqlər: