Onlayn dərslər necə gedir?

Onlayn dərslər necə gedir?
  04 Noyabr 2020    Oxunub:4986
Noyabrın 2-dən başlayaraq ölkədə tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə başlanılıb. Müəllimlər “Microsoft Teams”, “Zoom”, “Skype”, “Watsapp” kimi proqramlardan istifadə etməklə dərs keçməyə çalışırlar. Lakin bu zaman bir sıra problemlər müşahidə edilir.
Bunu Azvision.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, ekranın nümayişi zamanı resurslar üzərində onlayn iş imkanları məhduddur.

“Mən daxil olmaqla müəllimlərimizin bu proqramın imkanlarından yararlanmaq bacarıqları zəifdir. Şagirdlərimiz distant dərsdə hansı zəruri etik normalara riayət etməli olduqlarını bilmirlər. “YouTube”a çıxışın məhdudluğu Təhsil Nazirliyinin əla layihəsi olan teledərsləri təlimə cəlb etməyə imkan vermir. Həmçinin əks-əlaqəni təmin etmək üçün üsullar işlənməyib. Bu kimi problemlər çoxdur”.



K.Əsədov qeyd edib ki, ümumi maraqlara toxunan məsələlər ictimai müzakirələr nəticəsində qəbul olunsa, yaxşı olardı.

“Mart ayından bu günə qədər Təhsil Nazirliyi özünün onlayn platforma sistemini yaratmalı idi ki, hər hansı fövqəladə vəziyyətdə, müharibə şəraitində tədris prosesinin həyata keçirilməsi mümkün olsun. Digər tərəfdən, Təhsil Nazirliyi özünün vahid videokonfrans platformasını yaratmalıdır ki, şagirdlər və müəllimlər həmin onlayn platformadan istifadə etməklə tədris prosesində iştirak etsinlər. Üçüncüsü, biz dərsliklərimizi və proqramlarımızı sadələşdirməliyik. Şagirdlərə yalnız zəruri biliklər verməliyik ki, həmin biliklərlə qəbul və buraxılış imtahanlarında iştirak edə bilsinlər. Burada ali təhsillə bağlı digər bir məsələ də var. Təəssüf ki, indiyə qədər ali təhsil müəssisələrində tədris prosesi keçirilməsə belə, tələbələrdən sanki dərslər keçirilirmiş kimi təhsil haqqını tələb edirlər. Bu, düzgün deyil”.

Ekspertin sözlərinə görə, hazırda ali təhsil müəssisələrinin xərcləri dəfələrlə azalıb və onların təhsil haqqlarına yenidən baxmaq lazımdır.

“Bu gün müharibə şəraitinə görə cəbhəyanı ərazilərdə olan 1200 məktəbdə ümumiyyətlə onlayn formada tədrisin təşkli mümkün deyil. Bu, həm texniki səbəbdən, həm də təhsil alanların psixoloji durumuna görə mümkün deyil. 4447 orta məktəbdə təhsil alan 1,6 milyon şagirdin hamısının kompüteri, telefonu, planşeti yoxdur. Bundan əlavə onların dərsə qoşulmaq üçün sürətli internetləri də yoxdur”.

K.Əsədov əlavə edib ki, 2 gün ərzində aparılan monitorinqlərə görə, 35-40 faiz şagird onlayn dərslərə qoşulub: “Yuxarı sinif şagirdləri, xüsusilə 10-11-ci siniflər ümumiyyətlə dərslərdə iştirak etmir. Hazırda təhsilin qarşısında iki vacib məsələ dayanır: Birinci məsələ keçirilməyən dərslərin kompensasiyası, ikincisi isə 2021-ci ildə keçirilməsi nəzərdə tutulan qəbul və buraxılış imtahanlarıdır. Nəzərə alsaq ki, 2020-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında test tapşırıqlarındakı sualların mövzuları mart ayının 3-nə qədər olan mövzular idi və martın 3-dən sonrakı mövzular da tədris prosesində istifadə edilmədi. Bu, 2021-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında ciddi problemlər yaradacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dərs   Təhsil  





Xəbər lenti