`Qremmi` laureatı Azərbaycanda
- Xanım Bricuoter, tezliklə Heydər Əliyev Mərkəzində keçiriləcək möhtəşəm konsertinizdən zövq alacağıq. Bu sizin Azərbaycana ilk səfərinizdir. Bu səfərdən gözləntiniz nədir? Azərbaycan və onun mədəniyyəti haqqında nə deyə bilərsiniz?
- Bu mənim Azərbaycana ilk səfərimdir və sözün düzü, ölkəniz haqqında çox şeyi bilmirəm. Buna görə də mənim üçün ölkəyə gəlmək, az da olsa ölkəniz barədə öyrənmək və paytaxtınıza baş çəkmək həyəcanvericidir. Etiraf edirəm ki, hər hansı informasiya axtarmamışam, çünki yekunlaşdırmalı olduğum digər layihələrlə məşğul idim. Qarşıdakı səfərə görə çox həyəcanlıyam.
- Bildiyimiz qədər, siz hələ çox gənc olduğunuz zaman, 1966-cı ildə qrupunuzla birlikdə keçmiş Sovet İttifaqında turnedə olmusunuz.
- Bəli. Mən Əfqanıstanda da olmuşam.
- Ümid edirik ki, gözəl şəhərimizin görməli yerləri xoşunuza gələcək.
- Bəli, mən buna əminəm. Ona da əminəm ki, heyrətamiz ənənəvi mətbəxiniz var və mətbəxinizin yeməklərindən dadmaq istərdim. Qarşıdakı səfərimə görə çox həyəcanlıyam. Azərbaycanda caza yaxşı bələddirlərmi?
- Bəli, əlbəttə. Bizim dünya şöhrətli, görkəmli musiqiçilərimiz var. Onlardan biri Avropada yaxşı tanınan caz ifaçısı Əzizə Mustafazadədir.
- Yaxşı.
- Xanım Bricuoter, Bakıda hər il caz festivalları keçirilir və burada tanınmış ifaçılar iştirak edirlər. Belə festivallarda iştirak etmək istərdinizmi?
- Əlbəttə, iştirak etmək istərdim. Şadam ki, belə bir imkanım var və ümid edirəm ki, başqa imkanlar da olacaq. Bukinq-agentlik mənimlə əlaqə saxlayan zaman tərəddüd etmədən razılığımı verdim. Mən gəlməyə və ölkə haqqında öyrənməyə görə çox şadam. Ümid edirəm ki, ifa edəcəyim musiqi və mənimlə birgə gələn musiqiçilər insanların xoşuna gələcək. Ölkənizə gələcəyimə görə böyük fəxr hissi duyuram.
- Heydər Əliyev Mərkəzində hansı konsert proqramı ilə çıxış edəcəksiniz? Hansı kompozisiyalar səslənəcək?
- Çox güman ki, sonuncu "CD Billie Holiday music" (born Elenoara Fagan) albomumdan bəzi mahnıları ifa edəcəyəm. Ola bilsin ki, digər caz standartlarını və fyujnın bəzi növlərini ifa edim. Hələ yekun qərar verməmişəm. Əlbəttə ki, "Billie Holiday"dən bəzi kompozisiyalar olacaq. Lakin güman edirəm ki, Azərbaycan bütün musiqi növləri üçün açıqdır. Ola bilsin, misal üçün, "Thelonius Monk" və ya "Sonny Rollins" mahnısını ifa edim. Tam əmin deyiləm. Mən tamaşaçılar üçün çox cəlbedici olacaq proqram təşkil etməyə hazırlaşıram.
- Sizin mahnılarınıza qulaq asmağa çox şad olacağıq. Xanım Bricuoter, yeni albom barədə nə deyə bilərsiniz? Yaxın gələcəkdə yeni albom buraxmağı düşünürsünüzmü?
- Ümid edirəm ki, bu ilin payızında yeni albom yaza biləcəyəm. Bu albom üzrə araşdırmalarıma apreldə başlamağa hazırlaşıram. Ötən il yeni albom buraxa bilmədim, çünki teatrla məşğul olmaq qərarına gəldim. Mən Nyu-Yorkda "Billie Holiday"i tamaşaya qoydum və bu işlə avqust ayından yanvar ayınadək məşğul oldum. Həmin iş dekabrda başa çatdı. Bu, "Lady Day" adlı tamaşadır. Növbəti albomum üçün üzərində işləməyə hazırlaşdığım musiqi blyuz olacaq.
- Sizi kim ilhamlandırır? İdealınız kim olub?
- Mən böyüdükcə ideallarım da müxtəlif olub. Nina Simon, Areta Franklin, Dion Uorvik xoşuma gəlib. Xoşladıqlarım arasında Maylz Devis, Dizzi Gillespi də olub. Həmçinin yaxşı tanınmayan bir neçə müğənnini bəyənirəm. Ceyms Braunu sevirdim, ona qulaq asmaq üçün xəlvətcə evdən çıxırdım. Müxtəlif musiqi növlərini sevirəm. Əlbəttə ki, caz ifaçılarından Ella Fitscerald, Karmen Makreyi sevmişəm. Betti Karterin mənə təsiri çox böyük olub. Nensi Uilso əsasən ABŞ-da çox populyar olub.
- Siz, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) səfirisiniz.
- Bəli. Mənim xoşməramlı səfir kimi formal vəzifəm ictimaiyyəti FAO və təşkilatın kasıb, inkişaf etməmiş ölkələrin kənd sakinləri üçün təşəbbüs göstərdiyi layihələr haqqında məlumatlandırmaqdır. Son illər BMT-də bizim (FAO - red.) iştirak etdiyimiz müxtəlif tədbirlərdə çıxış etməyimi xahiş ediblər. Həmçinin FAO-nun BMT-nin üzv ölkələri ilə təşkil etdiyi tədbirlərdə iştirak etməyimi xahiş ediblər. Bu, son zamanlar etdiklərimdir. Həmçinin Seneqal, Braziliya və Mali kimi ölkələrə səfər etmişəm.
- Yeri gəlmişkən, müsahibələrinizin birində diplomat olmaq istədiyinizi bildirmişdiniz.
- Bəli, mən hələ də diplomat olmaq istəyirəm. İndi belə bir imkan var. FAO-nun bu imkanla bağlı mənə göndərdiyi bəzi sənədləri imzalamışam.
- Siz, eyni zamanda, insan və qadın hüquqlarının müdafiəçisiniz.
- Bəli, bu mənim üçün çox önəmlidir. Dəstəklədiyim məsələlərdə səsimin eşidilməsi mənim üçün əhəmiyyət kəsb edir. Bir qadın olaraq dünyada qadınların üzləşdiyi problemlərdən kənarda qala və susa bilmərəm. ABŞ-da hazırda Respublikaçılar Partiyası bizi bir çox hüquqlardan, reproduktiv hüquqlardan məhrum etməyə çalışır.
Mən bizim reproduktiv hüquqlarımızın qorunması haqqında danışdığım video çəkmişəm. ABŞ-da qadınların hüquqları ilə bağlı vəziyyətə görə narahatlıq hissi keçirirəm, çünki respublikaçılar tərəfindən qadınları bir çox hüquqlardan məhrum etməyə yönəldilmiş güclü hərəkat mövcuddur. Eyni zamanda, afroamerikalıları səs hüququndan məhrum etməyə yönəldilmiş hərəkat mövcuddur.
- Xanım Bricuoter, caza böyük sevginiz haradan yaranıb?
- Atam caz trubaçısı olub. Anam caz ifaçılarına pərəstiş edib. Mən hələ qız uşağı olduğum vaxt, həmişə bu musiqiyə qulaq asmışam. Bu mənim qanımdadır. Anam Ella Fitsceraldın böyük pərəstişkarı olub. O deyirdi ki, mən dil açmamışdan qabaq skat ifa etməyi bacarırdım. Fikrimcə, bu həqiqətdir, çünki həmişə skat ifa etməyi bacarmışam. Heç vaxt skat ifa etməyi öyrənməyə ehtiyacım olmayıb, çünki bu mənim üçün sadəcə olaraq təbii hal olub. Hesab edirəm ki, həyatda əsas məqsədlərimdən biri caz vokal musiqisinin ənənələrinin tərəqqisidir. Mən bu qənaətdəyəm.
- Əgər seçim imkanınız olsaydı, dünyanın hansı hissəsində çıxış edərdiniz?
- Bu yaxşı sualdır. Bilmirəm. Zənnimcə, Afrikada, Qara Afrikada çıxış edərdim. Şimali Afrikada çox çıxış etmişəm, Qara Afrikada isə yox. Keçmiş Sovet ölkələrinin bir çoxunda da çıxış etmək istərdim. Məsələn, Şərqi Avropada çıxış etmək çox xoşuma gəldi. Bu regionun adını çəkmək necə də xoşdur. Keçmiş kommunist ölkələrində olmağı çox istərdim. Hiss edirəm ki, dünyanın Azərbaycan kimi bir çox ölkələrin mühüm mədəniyyətinə ehtiyacı var və bütün bunlar haqqında çox şey öyrənmək istəyirəm.
- Azərbaycana səfəriniz zamanı nəyi planlaşdırırsınız və gözləntiləriniz nədir?
- Mən Azərbaycanda iki gün olacağam. Bilmirəm. Bəlkə şəhər üzrə tura çıxmağa çalışacaq, sonra isə ənənəvi təamlardan dadacağam. Siz mənə nəsə tövsiyə edə bilərsinizmi?
- Əlbəttə. Milli xörəyimiz olan aş və dolmanın dadına baxa bilərsiniz. Bizim başqa xörək və salatlarımız var.... Bakıdakı pərəstişkarlarınıza nə demək istərdiniz?
- Bakıya açıq ürəkə gedirəm. Bakıya bu musiqiyə olan sevgimi Bakı tamaşaçıları ilə bölüşməyə, mənim və musiqiçilərimin ürəyinin sevincini Bakı sakinlərinin ürəyinə hədiyyə etməyə gedirəm. Bu səfəri mənim və musiqiçilərim üçün təşkil edən promouterlərə təşəkkür edirəm. Ümid edirəm ki, ictimaiyyət çıxışımızdan pərişan olmayacaq.
- Ümid edirik ki, Bakıya səfərinizdən razı qalacaqsınız. Çox sağ olun!
- Mən də buna ümid edirəm. Siz də sağ olun!