Bizim paxıllar

Bizim paxıllar
  29 Yanvar 2014    Oxunub:2063
Mehman Telmanoğlu

Paxıllıq cəmiyyətimizin ən böyük bəlalarından biridir. Paxıl adamı müəyyən etmək istəyirsənsə, sadəcə, uğur qazananda elə uzağa getmədən yaxın çevrənin əhatəsində bir-iki saat görün. Bu vaxt yetər ki, səni sevən, uğuruna sevinən və ən əsası da paxıl və səmimi olan insanları müəyyən edə biləsən.
Əvvəllər mən elə bilirdim ki, yalnız incəsənət adamları bir-birinə paxıllıq edir. Teatrda aktyorlar tamaşadan əvvəl bir-birinin paltaraını cırır, toyda müğənnilər bir-birinə mikrafon vermək istəmir, televiziyada aparıcılar efir öncəsi bir-birinin suflyorunu kompüterdən silir və s.

İllər ötdü, həyat təcrübəm bir az çoxaldı, gördüyüm insanların sayı artdı və qərara gəldim ki, sən demə, eyni işi görən bütün peşə sahibləri bir-birinə paxıllıq edir. Bəlkə söhbət açıq rəqabətdən getsəydi bunu normal hal kimi qiymətləndirmək olardı. Amma... Məsələnin amması məni çox narahat edir. Burda rəqabət yox, eyni peşə sahiblərinin gizli və açıq savaşı dərhal göz önündə canlanır.

Müəllim özünün daha savadlı olduğunu, hansı metodlarla işlədiyini valideynə sübut etmir, eyni fənni tədris edən rəqibinin çatışmazlıqlarından ağızdolusu danışır. Eynilə həkim, hüquqşünas, iqtisadçı, saç ustası, taksi sürücüsü və adını sadalamadığım digər peşə sahibləri bir macal axtarırlar ki, rəqiblərini bax belə qara xatırlatmaları ilə gözdən salıb, ayaq altına atsınlar.

Belə paxıllığın ağır fəsadları hər kəsə bəllidir. Hələ illər əvvəl Onore de Balzak yazırdı-“ Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir”. İohan Höte isə deyirdi- “Düşmənçilik fəal, paxıllıq isə passıv narazılıqdır. Buna görə də paxıllığın nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil”.

Əlbəttə, bütün deyilənlərin hər kəsə şamil edilməsi də düzgün olmazdı. Sıralarımızda nə yaxşı ki, həmkarlarının uğuruna hələ də sevinən var. Və cəmiyyətin də belə xəstə təfəkkürdən xilas olması üçün həmkar dəstəyinə ehtiyac var. Müəllim həmkarına dəstək versə yetişən nəsil daha savadlı, həkim həkimə kömək etsə insanımız daha sağlam olar. Həm də qulaqlarımızın illərdir eşitdiyi bir söz də var, onu da xatırlamaq da yerinə düşər. “Paxıl adam içindən çürüyər”

Hər yazının bir yazılma səbəbi olur. Mən yazıçı deyiləm, heç buna iddiam da yoxdur. Bu yaxınlarda bir qısa hekayə müsabiqəsi keçirildi, müəyyən səbəblərdən mən də qatıldım bu maraqlı qələm yarışına. Və deyim ki, imzamı yazılı mətbuatda tanıtmaq üçün nəticəm elə də pis olmadı. Əlbəttə, mənim üçün! Pis olan başqa şeydir. Müsabiqə nəticələrinin eyni peşə sahibləri - qələm əhli tərəfindən mənasız söz-söhbətlərlə gündəmə gətirməsi. Müsabiqədə mükafat fondunun da elə çox olmadığını nəzərə alsaq, deyilənlərin həqiqətən də artıq olduğu təsdiqini tapır. Belə olan halda jurnalist həmrəyliyindən nə qədər danışmaq olar? Eyni peşə sahiblərinin bir-birinə düşmən kəsildiyi haqqında dediklərim onda düzdür? Belə olan halda həmkarının da sənə sabah eyni cavab verəcəyindən sığortalanmısanmı?

İndi bir-birinə mehriban düşmən kimi baxan bu saytlar, bu uğurlu layihə zamanı bir-birinə dost əlini uzatsaydı və ya dəstək versəydi necə olardı? Axı sabah da sən bu layihədən daha uğurlusunu edə bilərsən, əlbəttə enerjini düzğün tərəfə istiqamətləndirsən.


Teqlər:





Xəbər lenti