Professorun BDU-ya buraxılmamasına aydınlıq gətirildi

Professorun BDU-ya buraxılmamasına aydınlıq gətirildi
  20 Sentyabr 2020    Oxunub:4604
Bakı Dövlət Universiteti (BDU) ali təhsil müəssisəsinin Jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədlinin universitetə buraxılmaması ilə bağlı məlumatlara aydınlıq gətirib.
BDU-dan Azvision.az -a bildirilib ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq cari ilin 3 mart tarixindən bütün təhsil müəssisələrində, o cümlədən BDU-da tədris və təlim-tərbiyə prosesi dayandırılıb, tədris məsafədən (distant formada) təşkil edilib:

"Yay imtahan sessiyası dövründə, qanunvericiliyə uyğun olaraq, yalnız onlayn imtahan sessiyasının təşkili məqsədilə məhdud sayda əməkdaş işə cəlb olunub. Bakı Dövlət Universitetində xüsusi karantin rejiminin tələblərinə hər zaman ciddi əməl olunub, əməkdaşların təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlər görülüb və görülməkdə davam edir. Hazırda əyani formada tədris və təlim-tərbiyə prosesinin təşkili üçün bütün tələblərin yerinə yetirilməsi istiqamətində vacib işlər görülür".

Qeyd olunub ki, təhsil müəssisələrində tədrisin distant təşkili qədər davam edir: "2020/2021-ci tərdis ilində tədrisin təşkili barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edilib, Azərbaycan Respublikasının Təhsil naziri bu barədə 2020-ci il 11 sentyabr tarixli F-424 nömrəli müvafiq əmr imzalayıb. Göstərilən Qaydanın 4.2.1-ci bəndinə görə, əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqdır. BDU-nun rəhbərliyi bütün struktur bölmələrinə yaşı 65-dən yuxarı olan hörmətli pedaqoqlarımıza ehtiyac yarandığı təqdirdə lazımi texniki dəstəyin göstərilməsi, eyni zamanda ehtiyac olarsa dərslərini daha gənc pedaqoqların əvəz etməsi barədə tapşırıq verib".

Məlumatda vurğulanıb ki, ölkəmizin 101 yaşlı ali təhsil müəssisəsi olan BDU hər zaman qocaman, ağsaqqal pedaqoqlarına hörmətlə yanaşıb, onların öz zəngin təcrübələrini, biliklərini tələbələrə, gənc pedaqoqlara çatdırmaları üçün bütün şəraiti yaradıb:

"Təsadüfi deyil ki, Universitet üzrə qərarların qəbul edilməsində BDU-nun Ağsaqqallar Şurasının rəyinə, ustad pedaqoqların məsləhətlərinə böyük önəm verilir. Professor Nəsir Əhmədlinin “BDU-ya buraxılmaması” ustad jurnalistə “sayğısızlıq” deyil, qanuna “sayğı”, BDU-nun öz qocaman pedaqoqlarına “qayğı”sı kimi qəbul edilməlidir. Professor Nəsir Əhmədli BDU-nun ağsaqqal, təcrübəli və ustad professorlarındandır. Bu gün də həvəslə peşəkar jurnalist kadrların hazırlanmasında əvəzsiz rol oynayır. Azərbaycan dilinin təmizliyinin qorunması, ana dilimizin qaydalarına ciddi əməl edilməsi istiqamətində ustad müəllim kimi mübarizə aparır. Bu yorulmaz elmi və pedaqoji fəaliyyətinə görə ötən il BDU-nun 100 illik yubileyi münasibətilə “3-cü dərəcəli Əmək Ordeni” və Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Bir daha bütün kütləvi informasiya vasitələrindən xahiş edirik ki, sensasiya xatirinə əsassız informasiyalar yayıb, Universitetdə aparılan islahatlara, görülən işlərə kölgə salmasınlar. Professor Nəsir Əhmədlinin öz sosial şəbəkə hesabında qeyd etdiyi kövrək duyğularını bu cür yozmaq qəbuledilən deyil".

Azvision.az


Teqlər: BDU   Professor  





Xəbər lenti